Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Vianna ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Xələf Xələfov Azərbaycanla Braziliya arasında mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. O, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini qeyd edib.
Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən Hadil Fontes da Roşa Vianna iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X.Xələfov münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu qeyd edib, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini vurğulayıb.
Hadil Fontes da Roşa Vianna Braziliyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.
Səxavət