Bakıda villada gözətçini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Elvin Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mqahmudovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində baş verib.
Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Elvin Paşayev adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu - Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Pənah Qayıbovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Elvin Paşayev polis əməkdaşları tərəfindən həbs edilib. Hadisə pul borcu üstündə yaranan mübahisə zəminində baş verib.
İstintaq orqanı tərəfindən Elvin Paşayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.