2 Mart 2021 10:07
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İntiqam Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov