Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb
Sabunçu rayon İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə baxış zamanı 1 büküm narkotik vasitə olan heroin aşkar edilib.
Bölmə əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi 1 kiloqram 500 qram heroin aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 15-ci polis bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
N.Hüseynov tutularaq istintaqa cəlb olunub.
Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.