7 Aprel 2021 16:13
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, COVID-19 testinin nəticəsi pozitiv olan Quba rayonu Barlı kənd sakini Elşən Abdullayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

E.Abdullayev kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Bundan başqa, karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Rayonun Həsənli kənd sakini Ravi Alışova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs Masallı şəhəri ərazisindəki ərzaq mağalarından birindən çıxarkən aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

Corlu kənd sakini Sübhan Mahmudovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

Bütün faktlarla bağlı müvafiq polis bölmələrindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər