Aprelin 29-da İmişli rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a İmişli rayon Prokurorluğundan bildirilib.
Araşdırmalarla müəyyən edilib ki, VAZ-21074 markalı, 57-BR-071 dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması ilə bağlı keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili idarə edən Oruc Ağaməmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd edərək avtomobili İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin inspektorları Nicat Süleymanov və Ramil Muradovun üzərinə sürməklə sonunculara dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirib.
Oruc Ağaməmmədovun üzərinə baxış keçirilən zaman üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.
Oruc Ağaməmmədov qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.