19 Noyabr 2014 15:41
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirilib.

Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, Miqrasiya Məcəlləsi son dövrlərdə parlament tərəfindən qəbul olunmuş ən vacib məcəllərdəndir:

“Biz bu məcəllə ilə bağlı çox ciddi müzakirələr apardıq, onu müzakirələrdən keçirib qəbul etdik. Eyni zamanda, bu məcəllənin icrası ilə bağlı qısa müddət ərzində miqrasiya orqanları tərəfindən çox əhəmiyyətli addımlar atıldı və atılmaqdadır. İndi isə həmin Məcəlləyə növbəti vacib dəyişiklik təklif olunur”.

Qeyd edək ki, müzakirəyə çıxarılan layihədə Miqrasiya Məcəlləsində mövcud sonuncu 13-cü fəsil (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması) dəyişdirilərək 14-cü fəsil kimi verilir və məcəlləyə yeni 13-cü fəsil əlavə edilir.

Onu da qeyd edək ki, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanılması qaydası” adlı fəsil ümumilikdə on üç maddədən ibarətdir. 82-ci maddədə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi üçün əsaslar və müddətlər) əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra Mərkəz) könüllü yerləşdirilməsi açıqlanır. Bunlar aşağıdakılardır: Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə - qaçqın statusu verilməsi məsələsi həll edilənədək: Şəxs qaçqın statusu aldıqda – iş və ya yaşayış yeri əldə edilənədək, lakin 3 aydan artıq olmayan müddətə; Şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda – çıxarılma üçün İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin (Miqrasiya Məcəlləsi) 79.5-ci maddəsində nəzərdə tutulmuş müddətə;

Maddədə eyni zamanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hansı hallarda və müddətlərdə qanunsuz miqrantların saxlanılması mərkəzlərində məcburi qaydada yerləşdirilməsi də göstərilir. Yəni, müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda 24 saatadək; Məhkəmənin inzibati qaydada tutma barədə olduqda üç günədək; Bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda – qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə.

Maddədə o da göstərilir ki, Məcəllənin 82.1.3-cü maddəsində nəzərdə tutulan hallar Azərbaycan Respublikası ərazisində yaşayış yeri və ya özünün və ailə üzvlərinin minimal tələbatını ödəməyə vəsaiti olmayan şəxslərə tətbiq olunur.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər