20 Noyabr 2014 21:45
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 17-18-də Brusseldə nüfuzlu beynəlxalq təsisatların nümayəndələrinin iştirakı ilə Avropa Təhlükəsizlik Forumu keçirildi. NATO-nun Uels sammitindən sonra Avropanın təhlükəsizlik sahəsində ilk təşəbbüs olaraq ortaya gələn bu Forum Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq qurumların məsul nümayəndələrinin qatıldığı yeni format oldu. Təbii ki, bu gün Avropanın təhlükəsizlik məsələsi xüsusən Ukraynada baş verən son hadisələr fonunda bir nömrəli məsələyə çevrilmişdir.

Teleqraf.com-un xəbərinə görə, təşkil olunan Forumun əsas mövzusu da Ukrayna böhranı idi. Forumun açılış mərasiminin qonağı olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Avropaya çox açıq mesajlar verərək Ukraynada yaranan böhranın həllində qərbin yetərincə səy göstərmədiyini bildirdi.

Azərbaycan tərəfdən Forumda iştirak edən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov Forumun mövzusuna uyğun olaraq keçmiş post-sovet məkanında mövcud olan münaqişələri qabartmış və Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ətraf rayonların işğalı məsələsini gündəmə gətirib. V. Əhmədov bu gün Ukraynada yaşanan böhranın, eyni zamanda Gürcüstan, Moldova və Azərbaycanın üzləşdiyi separatizm və işğal faktlarının əsas səbəbinin məhz Rusiyanın bölgədə yürütdüyü siyasətlə əlaqələndirib.

Rusiyaya qarşı müqavimət göstərməyin yeganə yolunun Avrasiya İttifaqından kənar bir klubda bu dövlətlərin birləşməsinin aktual olmasını qeyd edən V. Əhmədov GUAM təşkilatını xatırladıb. O qeyd edib ki, GUAM-ın aktivləşməsi qərbin bu prosesə dəstək verməsi ilə nəticələnə bilər. Öz növbəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin qısa zamanda bu məsələni azərbaycanlı həmkarı ilə müzakirə edəcəyini bildirib.

Nihad


Müəllif: