“Əlbəttə, ikiqütblü dünyada da qanunsuzluqlar, diktatura, insan öldürmək, müharibələr olurdu, ancaq təcrübə göstərdi ki, Amerikanın hər yerdə demokratiya bərqərar olması istəyi sadəcə olaraq xülyadır. Bu reallıqla uyğunlaşmayan ideyadır. Amerikanın bağışladığı demokratiya Afrikaya, Asiyaya və Yaxın Şərqə indilikdə lazım deyil. Çünki əhali buna hazır deyil və bu uzunmüddətli bir prosesdir”.
Bunu Teleqraf.com-a müsahibəsində sabiq dövlət müşaviri, politoloq Rasim Ağayev bildirib. Müsahibəni təqdim edirik:
- Rasim müəllim, ABŞ müdafiə naziri istefaya getdi. Buna səbəb kimi daha çox İraq Şam İslam Dövləti (İŞİD) göstərilir. Siz uzun illər ərəb ölkələrində işləyən mütəxəssis kimi bu vəziyyəti necə şərh edirsiniz?
- Bu istefanı ancaq İŞİD-lə əlaqələndirmək doğru olmazdı. Çünki ortada Əfqanıstan, Suriya və İraq məsələsi də var. Heç kəsə sirr deyil ki, İŞİD-in yaranmasında Amerika xüsusi xidmət orqanları mühüm rol oynayıb. Belə terrorçu təşkilatlar iki məqsəd üçün istifadə edilir. Birincisi, Amerikanın xoşuna gəlməyən rejimləri, ipə-sapa yatmayan liderləri yox etmək. İkincisi də, bu terror təşkilatlarından istifadə edərək dünyada İslam dini haqqında mənfi imic yaratmaq. Amerika İŞİD-i yaradı, terrorçular isə faktiki olaraq orta əsr məmlüklərı kimi addım atırlar. Bütün bunlar ABŞ-ın öz daxilində böyük narazılıqlara gətirib çıxardı. Amerika müdafiə nazirinin istefaya getməsi prezident Obama administrasiyasının apardığı siyasətin nəticəsidir. Təbii ki, prezident Obamanın və ya dövlət katibinin istefası doğru olmazdı. Odur ki, müdafiə naziri qurban getdi. Qeyd edim ki, Amerikanın Yaxın Şərqdə, Ukraynada və Rusiyada apardığı siyasət birmənalı qarşılanmır. Əksinə, bu siyasət nüfuzdan düşür, üstəlik də uduzma hiss edilir. Hətta bu siyasət Avropanın özündə də müəyyən narazılığa gətirib çıxarır. Bunda isə müdafiə nazirinin təqsiri yoxdur, əksinə, təqsir Amerika siyasi rəhbərliyinin üzərindədir. Mənə elə gəlir ki, prezident Obamanın apardığı siyasətin nəticəsində belə istefaların şahidi olacağıq. Bu daha çox gözləniləndir. Demək olar ki, bu proses başlanıb.
- Hazırda Yaxın Şərqdə baş verən prosesləri necə qiymətləndirirsiniz və yeni nələr gözləmək olar?
- SSRİ süquta uğrayandan sonra ərəb coğrafiyasi siyasi və iqtisadi baxımından 1930-cu illərin vəziyyətinə qayıdıb. Yəni baş verən inqilablar və proyektlər son nəticədə sabit və idarə edilən rejimləri uçuruma apardı. İndi də Misirdən tutmuş Suriyaya qədər ağlasığmaz proseslər gedir, nəyin baş verdiyi bilinmir. Böyük bir ərazidə demək mümkündürsə, it yiyəsini tanımır. Əlbəttə, bu yaxşı hal deyil və insanların durumuna ciddi təsir göstərir. Digər tərəfdən siyasi və mədəni ərəb elitaları məhv olub. Ümumiyyətlə, belə inqilabi hərəkatlar reqressiya yaradır. Ərəb ölkələrində isə müxtəlif faktorlar var. Birincisi, müxtəlif islami qruplaşmalardır. Onların daxilində sağlam və milli qüvvələrlə yanaşı terror, ekstremizm, eləcə də ora-bura işləyən qurumlar var. İkincisi, İsrail faktorunu da nəzərə almaq lazımdır. Ərəb coğrafiyasında son proseslərdən sonra İsrailin əl-qolu təmiz açıldı. Təsəvvür edin ki, hansısa fırıldaqçı terrorçu gəlib İsrail sinaqoqunda partlayış edir. İsrailin baş naziri isə bəyan edir ki, gedib bu terrorçunun atasının evini uçuracağam. Buna qarşı nə Amerika, nə Avropa, nə də Rusiyadan adekvat cavab verilmir. Deyilmir ki, sən qanuni hökumətsən, camaatın evi ilə nə işin var, terrorçunu zərərsizləşdir. Yəni heç kimin səsi çıxmadı. Sanki dünyada məsuliyyətsizlik və özbaşınalıq hökm sürür. İndi İsrail baş naziri belə bir sözü publika qarşısında deyirsə, gizlində nələrin baş verdiyini təsəvvür etmək lazımdır. Bu göstərir ki, ərəb dünyası böhran və ya geri sayma prosesindədir. Buradan həm də o qənaətə gəlmək olar ki, birqütblü dünyanın nəticəsi belə ola bilər. İkiqütblü dünyada isə müəyyən tarazlıq hökm sürürdü. Əlbəttə, ikiqütblü dünyada da qanunsuzluqlar, diktatura, insan öldürmək, müharibələr olurdu, ancaq təcrübə göstərdi ki, Amerikanın hər yerdə demokratiya bərqərar olması istəyi sadəcə olaraq xülyadır. Bu reallıqla uyğunlaşmayan ideyadır. Amerikanın bağışladığı demokratiya Afrikaya, Asiyaya və Yaxın Şərqə indilikdə lazım deyil. Çünki əhali buna hazır deyil və bu uzunmüddətli bir prosesdir. Sadəcə Amerika bu ideyadan istifadə edərək istəklərinə nail oldu, indi də bir çox regionlarda əhali bilmir nə etsin.
- Rasim müəllim, hazırda Vyanada altılıq ölkələri ilə İran arasında nüvə danışıqları gedir. Bu danışıqların geosiyasi baxımından əhəmiyyəti danılmazdır. Danışıqlar və onun nəticələrini necə qiymətləndirirsiniz?
- Avropa ilə İran dil tapa bilərdi. Necə ki, zamanında Suriya, Yəmən, İraq dil tapa bilmişdi. Baxmayaraq ki, münasibətlər gərgin, Amerikanın sanksiyaları mövcud idi. Lakin İraq neft və iqtisadi sahədə Avropa ilə dil tapa bilirdi. Elə Suriya və digərləri də. Ancaq indi məsələ ondadır ki, İranla danışıqlar aparılsa və razılıq əldə etmək tərəflərə sərf etsə də, ortada İsrail faktoru var. İsrailin mövqeyi də Amerika və Qərbdə yüksək qiymətləndirilir. Odur ki, istənilən anlaşmada İsrailin mövqeyi müəyyən qədər öz əksini tapmalıdır. Bu da bir qədər çətin vəziyyətdir. Fikrimcə, ortaq məxrəcli proyekt hazırlana bilər. Bir məsələ də var və bu, Amerikanı bir qədər çəkindirir. Əgər Qərblə Tehranın istədiyi şəkildə anlaşma əldə edilərsə, bu, o deməkdir ki, Vaşinqtonun İran siyasəti, tətbiq etdiyi embarqolar mənasız və nəticəsiz imiş. Bu da istər-istəməz Amerikanın mövqeyini Rusiyada və ya Çində zəiflədə bilər.
- Ancaq İranla-Qərb anlaşmasını istəməyən Rusiya da var...
- Bəli. Mən İsraillə bağlı fikirlərimi ifadə etdim. İsrail bunu alqışlamır. Rusiya ilə İran arasında münasibətlər normaldır. Həm də bu danışıqlar prosesində Rusiyanın marağı bir qədər başqadır. Rusiya açıq-aşkar demir ki, Qərb-İran anlaşmasına qarşıdır. Rusiya istərdi ki, Amerikanın diqqəti İrana cəlb edilsin, vəziyyət indiki kimi qalsın. Bu halda Rusiyanın vəziyyəti bir qədər yüngülləşərdi. Bu yüngülləşmə həm iqtisadiyyat, həm Rusiya-Avropa münasibətləri, həm də neft-qaz məsələlərində özünü göstərə bilərdi. Nəzərə almaq lazımdır ki, İranın yenidən neft bazarına qayıtması çox ölkələri, eləcə də, Rusiyanı sarsıda bilər. Bu əslində neft ölkələrinin çoxuna sərf etməz.
- İranın yenidən dünyanın neft bazarına qayıtmaq ehtimalı varmı?
- Ehtimalı var. Ancaq bunu necə etmək açıq-aydın görünmür. Söhbət ondan gedir ki, İranın neft bazarına qayıtması gec-tez olacaq. Lakin bunun üçün Amerika müəyyən qədər güzəştə getməlidir. Yəni mürəkkəb vəziyyət mövcuddur.
- Rusiyanın indiki durumunu necə qiymətləndirmək olar, hazırda Moskvanın da beynəlxalq səviyyədə təcrid olunması cəhdləri var?
- Ukrayna-Rusiya münaqişəsi haqda konkret bir söz demək olmaz. Burada Rusiya üçün udulan məqamlarla yanaşı uduzulan tərəflər də var. Məsələn, belə bir məqamda Rusiya daxili panoramasında ictimai səfərbərlik yarandı. Daxili siyasətdə olan ziddiyyətli məqamlar faktiki aradan götürülüb. Bəli, iqtisadi baxımdan çətinliklər olacaq, problemlər yaranacaq. Ancaq bu konfliktin və sanksiyaların nəticəsində Rusiyanın, Putinin nüfuzu qalxdı. Özü də bu, beynəlxalq medianın Rusiya əleyhinə iş apardığı bir dövrdə baş verir. Bu münasibətlər çərçivəsində Amerika istəyirdi ki, Rusiyanı regional derjava kimi qəbul etsinlər. Ancaq indi Rusiya amerikanizmin, birqütblü siyasətin əleyhinə duran ölkə kimi qəbul edilir. Həm də görürük ki, indi Rusiyanın rolu artır və hər kəs bu ölkəni diqqətlə izləyir. Çünki Amerikanın cavabını verən digərlərinin də cavabını verəcək. Bunu hər kəs başa düşür. Odur ki, hazırda Rusiya-Amerika münasibətləri, iqtisadiyyatda yaranan problemlər ciddi təhlil edilməlidir.
- Mütəxəssislər hesab edir ki, indiki vəziyyət davamlı olsa, Rusiya ildə 50-100 milyard itirəcək...
- Nə olsun? Amerika 1919-1936-cı illərdə SSRİ əleyhinə iş apardı. Nə oldu sonda? İndilikdə 50 milyard bizim üçün çox görünür. Bəli, Yunanıstan 50 milyard itirsəydi, pis duruma düşərdi, bəlkə də darmadağın olardı. Amma Rusiyanın xüsusiyyəti və imkanları tam başqadır. Nəzərə almaq lazımdır ki, Rusiya yeni qazanc və bazar siyasətini tapıb. Bu da Asiya-Çin siyasətidir. Bu siyasət 5-10 ilə öz bəhrəsini verəcək.
- Ancaq Çinin Rusiya ilə iqtisadi münasibətləri milyardlar, Amerika ilə trilyardlarla ölçülür...
- Təbii. Çünki Amerika Çinlə bu oyunlara 1970-ci illərdən başlayıb. Rusiya isə son illərdə başlayıb. Bu sahədə Çinin rolu və çəkisi də çoxalır. Bu da heç Amerikanın marağına uyğun deyil. Bəzi parametrlər üzrə Çin Amerikanı qabaqlayır. Belə davam etsə, Amerika ikinci və üçüncü yerdə olacaq.
- Nəzərə almırsınız ki, Çindəki ən böyük şirkətlər və korporasiyalar elə amerikalılara məxsusdur?
- Bəli, doğru deyirsiniz. Amma Çin də dövlətdir, əhalisi milyardı çoxdan keçib, nüvə silahı var və s. Böhranlı vəziyyətdə olan Rusiya ilə bacarmayan Çinlə bacaracaq? Sizin sualınızda həqiqət var və bu məqamlar Çin üçün təhlükə kimi qiymətləndirilə bilər. Ancaq hər şey ikibaşlı olduğundan Amerikanın da əl-qolu bağlana bilər.
- Siz hesab edirsiniz ki, bu mübarizədən qalib çıxan Rusiya olacaq?
- Xeyr. Mən belə bir proqnoz vermək istəməzdim. Ancaq bu mübarizənin nəticələri ikibaşlı ola bilər. Onu da deyə bilərəm ki, Amerika qarşısına qoyduğu məqsədə çətin çata bilsin.
- Ukraynadakı durum və bundan sonrakı vəziyyəti haqda proqnozunuz necədir?
- Belə getsə, Ukrayna bir dövlət və xalq kimi parçalanacaq. Çünki Ukraynanın başında duranlar arasında ciddi siyasətçi yoxdur, ölkədə hərc-mərclik baş verir, ortada olan qüvvələr anarxist qüvvələrdir. Bu qüvvələrlə milli nəticələr əldə etmək asan olmayacaq.
Nemət ORUCOV