Millət vəkili Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə müraciət edib
Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin Prezidentlər Konfransının üzvlərinə müraciət edib.
Teleqraf.com-un xəbərinə görə, müraciətdə bildirilir ki, ötən illər ərzində Aİ-nin Şərq Tərəfdaşlığı Təşəbbüsü müstəvisində Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yaxşılaşıb: “Parlament səviyyəsində Avronest Parlament Assambleyası bizi daha da yaxınlaşdırıb. Bu səbəbdən Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı qərəzli münasibəti bizdə təəssüf hissi doğurur. Bu, bütövlükdə AP-yə kölgə salır.
Əvvəla, nümayəndə heyətimə hücumlar olunur. AP son vaxtlar bütövlükdə anti-Azərbaycan təsəvvürünü yaradan qətnamələr və bəyannamələrlə Azərbaycana bir sıra hücumlar edib. AP deputatları və Avropalı diplomatların böyük əksəriyyətinin müsbət ismarışlarına baxmayaraq, parlament kortəbii şəkildə anti-Azərbaycan siyasətinə xidmət edərək, yalnız zəif hazırlanmış mətnləri səsə qoymağı və qəbul etməyi seçir.
Eyni zamanda Ermənistanın Azərbaycan ərazisini işğal edərək, bütün beynəlxalq qaydalar və müqavilələri pozmasına və Aİ ilə əlaqələri dayandıraraq, Avrasiya Gömrük İttifaqına qoşulmasına baxmayaraq, o, heç bir halda tənqid edilmir. Əvəzində isə Aİ-dən daha çox maliyyə alır və Avronest Parlament Assambleyasının növbəti plenar sessiyası 2015-ci ildə Yerevanda keçiriləcək.
Avronest Parlament Assambleyası Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsində 04.11.2014-cü ildə müzakirə edilmiş “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi” adlı məruzənin böyük hissəsi Ukrayna hadisələrinə həsr olunsa da, Azərbaycanın işğal edilmiş ərazilərinə ümumiyyətlə toxunulmayıb. Azərbaycan xalqı Avropa İttifaqının ərazi bütövlüyünün pozulması ilə bağlı Ukraynaya göstərilən dəstəyin eyni səviyyədə 20 faiz ərazisi 23 ildən artıq müddət ərzində işğal altında qalmış Azərbaycana da göstərilməsini tələb edir”.
E.Süleymanov bildirir ki, biz işğal, hücumlar və Ukrayna hadisələrinə yanaşma ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalına münasibət arasında kəskin təzadla bağlı bir neçə məktub yazmışıq: “Eyni zamanda, prezident Şultsdan Azərbaycanın Avronest-də Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirməli olmasının səbəblərini soruşmuşuq. Bütün bu məsələlərlə bağlı heç bir cavab verilməyib.
İstərdim ki, Roma Papası Fransiskin 25 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasında etdiyi çıxışdan aşağıdakı sitatı diqqətinizə çatdırım: “Avropa İttifaqının genişləndiyi son illərdə insanlar arasında uzaq və fərdi xalqlara qarşı laqeyd, bəzən isə onların ziyanına qanunların qəbulu ilə məşğul olan qurumlara qarşı inamsızlıq yaranmağa başlayıb. Bir çox sahələrdə Avropa, artıq bərəkətini və gücünü itirmiş, yorğun və yaşlı “nənə” təəssüratı yaradır. Nəticədə isə bir zamanlar Avropanı ilhamlandıran böyük fikirlər artıq cazibəsini itirir və yerini qurumlardakı bürokratik məsələlərə verir”. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.
Prezident Şultsun nümayiş etdirdiyi qərəzlilik və laqeydliyə baxmayaraq, digər AP deputatları və Avropa Parlamenti rəhbərlərinin ölkəmizə qarşı obyektiv münasibətdə olacaqlarına ümid edirəm”.
BƏXTİYAR