24 Dekabr 2014 17:51
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niyaməddin Orduxanlı: “Mehdiabad bələdiyyəsində 13 yerin 5-ni xanımlar qazanıb”

Dekabrın 23-də 4-cü dəfə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri dünən açıqlanıb. Qalibiyyət qazanan namizədlər arasında bitərəflərlə yanaşı, hakim və müxalifət partiyalarının da nümayəndələri var.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı da bələdiyyə seçkilərində qələbə qazananlar sırasındadır.


Teleqraf.com-a açıqlamasında N.Orduxanlı bildirib ki, artıq 4-cü dəfədir Mehdiabad bələdiyyəsindən namizədliyi irəli sürülüb. Onun sözlərinə görə, ilk dəfə 1999-cu ildə 21 yaşında bələdiyyəyə seçilib:

“Mehdiabad bələdiyyəsinin qeyri-rəsmi 30 minə yaxın əhalisi və 6 min seçicisi var. Mehdiabad bələdiyyəsinə seçildiyim 1999 və 2004-cü illərdə həm də müavin vəzifəsini daşımışam. Son olaraq, 4-cü dəfə keçirilən bələdiyyə seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi namizədliyim irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasının da açıqladığı rəqəmlərdən də şahidi ola bilərlər ki, mən yüzlərlə insanın etimadı sayəsində qələbə qazanmışam. Məhz insanların etimadı nəticəsində 16 ildə 4 dəfə uğur qazanmaq böyük şansdır. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, indi seçilənlər arasında yeganə şəxsəm ki, bələdiyyə yaranandan indiyədək bu quruma seçilmişəm”.

N.Orduxanlı qeyd edib ki, Mehdiabad bələdiyyəsinə əvvəllər seçilənlərə də etimad göstərilib və eyni zamanda yeni üzvlər də seçilib:

“Bu dəfə xanım üzvlərin sayı çoxdur. Təkcə Mehdiabad bələdiyyəsində 13 yerin 5-ni xanımlar qazanıb. Bu da çox sevindirici haldır ki, xanımlar da yerli özünüidarəetmədə yaxından iştirak edəcək. Bələdiyyə seçkiləri çox normal şəraitdə keçdi, hər hansı problem yaşanmadı. Mehdiabad bələdiyyəsinə 44 nəfərin namizədliyi irəli sürülmüşdü və qeydə alınmışdı. Bu insanlar içərisində çox az sayda partiya mənsubiyyəti olanlar vardı, 15-16 nəfər isə bitərəf namizəd idi. Buna baxmayaraq, heç bir problem və ya kimsə qarşı qərəzlilik olmadı. Seçicilər isə aktiv şəkildə seçkilərə gəlib və səsvermədə iştirak edirdi. Təsəvvür edin, 82 yaşlı atam məntəqəyə gəldi və növbəsini gözləyib səsvermədə iştirak etdi. Bu qəsəbənin məhz spesifikliyi ondadır ki, son dərəcə siyasi aktiv əhalisi var və bunu hər zaman nümayiş etdirir. İstər parlament, istər prezident, istərsə də digər seçkilərə Mehdiabad əhalisi böyük maraqla qatılır”.

N.Orduxanlı deyib ki, BAXCP-dən bələdiyyə seçkilərində qalib olanların sayı barədə hələ danışmaq tezdir. Onun sözlərinə görə, qaliblər barədə BAXCP tərəfindən son məlumat açıqlanacaq: “Onu da qeyd edim ki, seçkimi bitirdim, yenidən seçkiyə start verdim. Yəni, elə bu gündən bütün fəaliyyətimlə 2015-ci il parlament seçkilərində iştiraka hazırlaşıram. Məhz 2015-ci il parlament seçkiləri həyatımda 7-ci seçki olacaq ki, orada da iştirak edəcəyəm”.

BAXCP sədrinin müavini onu da əlavə edib ki, qanunvericiliyə görə bələdiyyə üzvləri arasından sədr seçilir: “Mehdiabad bələdiyyəsinə də seçiləcək sədr kimi Yeni Azərbaycan Partiyasının təmsilçisi Əbülfət Nuriyevin seçilməsi üçün təşəbbüs göstərəcəyəm və səsimi də ona verəcəyəm. Çünki ötən 5 ildə bu insan qəsəbəmiz üçün çox böyük işlər həyata keçirib. Əbülfət Nuriyevin 1200-1300 nəfərlik xeyir-şər məclisləri üçün binanın tikilib istifadəyə verilməsində böyük əməyi olub. Məhəllələrarası yolların abadlaşdırılmasında xüsusi xidməti var. Bu insanın fəaliyyəti məni qane edir və onun növbəti dəfə sədr seçilməsinə səs verəcəyəm”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər