Füzulidə bələdiyyə sədrləri barəsində inzibati protokollar tərtib olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Füzuli rayon polis şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbir zamanı rayonun Əhmədalılar və Bala Bəhmənli kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi halı aşkar olunub.
Həmin kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.
Bundan başqa, Şamaxı, Göyçay və Qəbələ rayonlarında ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməsi, eləcə də sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı Şamaxı rayonunun Çarhan, Qəbələnin Kürd kəndinlərində, o cümlədən Göyçay şəhəri ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı qeyd olunan kəndlərin bələdiyyə sədrləri, Göyçayda isə sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokollar tərtib olunub.