28 Yanvar 2015 13:30
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Məlik: “Onlar AXCP-nin mövqeyini əvvəldən bilirdilər”

Müsavat Partiyasının başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə təkbətək görüşü ətrafında müzakirələr davam edir. Yanvarın 16-da baş tutan görüşdən dərhal sonra AXCP funksionerləri söylədilər ki, müsavatçılar bu görüşdən böyük ümidlərə qapılmasınlar. Cəbhəçilər hesab edir ki, Müsavat rəhbərliyi gərək birlik haqda Milli Şuranı tərk etməzdən qabaq düşünəydi. “Əli Kərimli siyasi mədəniyyət xatirinə Arif Hacılının görüş üçün müraciətini dəyərləndirdi, Müsavat hansı üzlə əməkdaşlıq təklifi verir” kimi fikirlər də səsləndi.

Müsavatçılar AXCP funksionerlərinin bu cür mövqeyini qınayaraq sözügedən görüşün sırf nəzakət xatirinə keçirildiyini dedilər.

Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan görüşə ötən gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenidən qayıdıb və Müsavatın ünvanına sərt sözlər işlədib.

Onun sözlərinə görə, mübarizənin ön cəbhəsində olmağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir. F.Qəhrəmanlı Müsavatı satılmaqda ittiham edib.

Bu arada, Müsavata ittihamlar yalnız AXCP-dən deyil. Müsavatın qurultayından narazı qalan kəsim partiya rəhbərliyinin onlarla dialoqa getməməsindən narazıdırlar.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında partiyadakı vəziyyəti müzakirə etmək üçün təkliflə çıxış edib. O, təkliflə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatına müraciət edib. Müsavatın fəallarından olan Ənvər Əhmədin partiyadan çıxarılması daxil olmaqla, partiyadaxili demokratiya məsələsi ətrafında fikir mübadiləsi üçün bu təklifi irəli sürüb.

Müsavat rəhbərliyi isə bu təklifə müsbət cavab verməyib.

AXCP ilə görüş təşəbbüskarı olan Müsavat başqanı Arif Hacılı onun siyasətini bəyənməyən partiyadaşları ilə görüşəcəkmi?

“Əli Kərimli ilə görüşmək təkcə Arif Hacılının yox, həm də İsa Qəmbərin fikridir”

Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik qəzetimizə açıqlamasında dedi ki, Müsavat başqanının AXCP sədri ilə görüşü, çox güman, ölçülüb-biçilib: “Əli Kərimli ilə görüşmək təkcə Arif Hacılının yox, həm də İsa Qəmbərin fikridir. Mənə elə gəlir ki, onlar AXCP-nin mövqeyini əvvəldən bilirdilər. Bu təklif Arif Hacılı tərəfindən cəmiyyətə hesablanmış bir addım idi. Müxalifətin dağılmasında Müsavat başqanının rolu olduğu barədə çox deyilir. Bu görüş Arif Hacılının özünü birləşdirici fiqur kimi göstərmək üçün imitasiyası idi. Görüşdən irəli funksional əməkdaşlığın baş tutacağına inanmıram. Çünki AXCP funksionerlərinin cavablarından da gördüm ki, onlar Milli Şuradan kənar funksional əməkdaşlığa getməyəcək. Partiya mənsubiyyəti olmayan Milli Şura üzvləri də təklif etdi ki, AXCP Milli Şuradan kənar əməkdaşlıq etməməlidir”.

“Arif Hacılı konfliktin daha da alovlanmasında maraqlıdır”

H.Məlik əlavə edib ki, ADR-in Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu tərəfindən Müsavat başqanlığına edilən təklifi xatırladaraq söylədi ki, bu cür təkliflər səslənəndən dərhal sonra A.Hacılı kiminsə partiyadan çıxarılması haqda göstəriş verir: “Bu addımı ilə müzakirənin baş tutmamasına çalışır. Arif Hacılı məsələlərin çözülməsində yox, əksinə, narazılarla konfliktin daha da dərinləşməsində maraqlıdır. Arif Hacılının müavini Elman Fəttah Qubad bəyin təklifinin yanvarın 31-də onların keçirmək istədiyi tədbiri pozmaq üçün verildiyini qiymətləndirdi. Bu, belə deyil axı. Qubad bəy tədbirdən sonrakı vaxta keçirilməsini istəyirdi. O, öz tərəfdarlarını da Novxanıdakı tədbirə dəvət edib. Tədbirdən sonra toplaşıb Müsavat rəhbərliyi ilə məsələləri çözməklə bağlı təklifi vardı. Bunun axırı gətirib ona çıxarır ki, Arif Hacılı münasibətlərin yumşaldılmasında yox, konfliktin daha da alovlanmasında maraqlıdır. Ona görə də Arif Hacılı Qubad bəyin müzakirələr aparmaq təklifindən imtina etdi. Məndə olan məlumata görə, Divanda göstəriş veriblər ki, Müsavat başqanının tərəfdarlarından kim o tədbirdə iştirak etsə, həmin şəxs dərhal cəzalanacaq. Arif Hacılı açıq konfliktin tərəfdarıdır”.

“Ənvər Əhməd Arif Hacılının diqtəsi ilə çıxarıldı”

H.Məlik həmçinin Ənvər Əhmədin Müsavatdan kənarlaşdırılmasına da münasibət bildirib: “Ənvər bəyin partiyadan uzaqlaşdırılmasını Sumqayıt rayon təşkilatının verdiyi qərar kimi yox, Arif Hacılının göstərişi ilə verilən qərar kimi qiymətləndirirəm. Kommunist Partiyasının nizamnaməsində "demokratik mərkəziyyət prinsipi" adlı bənd vardı. Bəndin mahiyyəti bundan ibarət idi ki, yuxarıların verdiyi qərarlar aşağılar üçün sözsüz və məcburidir. Bu gün Müsavat Divanın formal xarakter daşıyan qərarverici orqandır. Ənvər Əhmədin Arif Hacılının diqtəsi ilə çıxarıldığını görürəm. Arif Hacılı qurultaydan narazı qalanlarla dialoq aparmağın tərəfdarı deyil".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər