Rəfail Hüseynov cəbhədə baş verən erməni fitnəsindən danışıb
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası davam edir. Sessiya çərçivəsində Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinlənilir, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılır.
Rusiya tənqid edilib
Dünən ki, sessiyada çıxış edən deputatların əksəriyyəti Ukraynada baş verən son proseslər, Rusiyanın hərəkətləri və davam edən müharibə haqqında danışıblar.
Strasburqda olan İctimai Liderlərin Məşvərət Məclisi İctimai Birliyinin sədri Həsən Şıxəliyev deyib ki, sessiyada çıxış edən Gürcüstan nümayəndə heyətinin üzvü vəziyyətin gərgin olduğunu bildirib, Ukraynada yaşanan müharibənin qarşısını almaq üçün Rusiyaya qarşı müəyyən addımların atılmasının vacibliyini vurğulayıb. Fransalı deputat isə çıxışında Rusiyanı tənqid edib. Bununla belə tərəfləri sülhə dəvət edib. Kanada nümayəndə heyətinin üzvü isə Rusiyaya qarşı sanksiyaların saxlanılmasının vacibliyinə diqqət çəkib.
Rusiya nümayəndə heyətinin üzvü A.Puşkov isə proseslərin başında Amerikanın durduğunu bildirib. O, əlavə edib ki, hamı Rusiyanın üzərinə düşsə də, vəziyyətin bu duruma gəlməsində Avropa və ABŞ-ın əməyi var. Onun fikrincə, indi baş verən müharibə Rusiya və Ukraynaya lazım deyil, Avropa və ABŞ-a lazımdır.
Rusiya nümayəndə heyətinin digər üzvü Qaryaçevada çıxışı zamanı ABŞ-ı tənqid edib. Söyləyib ki, müharibəni ABŞ və Avropa başlayıb: “Əfqanıstan, İraq Suriya. İndi də Ukrayna. Biz vuruşsaydıq indi Lvovdaydıq”.
Cəbhədə baş verən erməni təxribatı AŞ PA sessiyasında
Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovda çıxış edib. Hüseynov nəzərdə tutulan çıxışının əsasında ayrıca sənəd hazırlayaraq Parlament Assambleyasının katibliyinə təqdim edib və həmin sənəd nəşr edilərək yayılıb. Azərbaycanlı deputatın hazırladığı sənəddə deyilir ki, yeni 2015-ci il başlanıb və artıq bu ilin ötən ildən bir mühüm fərqi var: “Astronomlar bildiriblər ki, Yerin hərəkət sürətinin yavaşıması səbəbindən bu il keçən ilə nisbətən 1 saniyə uzun olacaq. 1 saniyə bəlkə də saatın fərqində olmayan hansısa “xoşbəxtlər” üçün əhəmiyyətsiz qədər qısa vaxt kəsiyidir. Amma 2015-ci il iyunun 30-da bütün dünya məhz buna görə saatları 1 saniyə qabağa çəkəcəksə, deməli, məsələ göründüyü qədər də sadə deyil və qlobal səciyyəlidir”. Sənəddə sonra qeyd olunur ki, keçən il oktyabrın 1-də Assambleyada son dərəcə vacib bir qərar qəbul edildi: “Əgər sonuncu sessiyadan bəri ötən dövrdəki inkişafı dəyərləndirmək istəyiriksə, məhz həmin qərarın qəbul edilməsi anı indi təhlil etdiyimiz mərhələnin nəzəri cəlb edən uğurlarından biri sayılmalıdır. Mübahisəli, münaqişəli, çətin proseslər cərəyan etdi və Avropa Şurası qətiyyət, obyektivlik göstərərək “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artırılması” adlı mövzu üzrə məruzəçi təyin etdi. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və Dağlıq Qarabağ problemi bu iki dövlətin Avropa Şurasının həqiqi üzvü kimi fəaliyyət göstərdiyi son 15 il ərzində daim ümumi narahatlığa bais olub. Ona görə də ağrılı bir problemin həlli istiqamətində büronun və bütövlükdə Assambleyanın atdığı belə bir mühüm addım, əlbəttə ki, müsbət iş, inkişaf elementi sayılmağa layiqdir. Düyməyə basaraq səs vermək bircə saniyə çəkdiyi kimi, barmağı odlu silahın tətiyinə sıxaraq atəş açmaq da bircə saniyə sürür. Həmin bircə saniyə kifayət edir ki, bir və ya bir dəstə insanın həyatına son qoyulsun. İndi burada bizim sessiya davam etdiyi, inkişaf hesabatını müzakirə etdiyimiz dəqiqələrdə Azərbaycan-Ermənistan sərhədlərində də qarşıdurma davam edir, ölümlər gətirən atəşlərin açıldığı hər saniyə ilə gərginlik bir qədər də artır”.
Azərbaycanlı deputat: “Ermənistan yenə təşkilatıın iradəsi əleyhinə hərəkət edir”
Deputat qeyd edib ki, ölkənin içərisindən çox kənardan idarə edilən Ermənistan isə heç vəchlə yola gəlmək, öz qəsbkar niyyətlərindən əl çəkmək istəmir. Hətta uğur kimi qiymətləndirdiyimiz indicə xatırlatdığımız məruzənin hazırlanması prosesinə ciddi əngəllər törətmək niyyətlərini də artıq indidən gizlətmir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Avropa Şurası 2005-ci ildə ayrıca qətnamə qəbul etdi, Ermənistan onu icra eləməkdən boyun qaçırdı. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Parlament Assambleyası ayrıca alt komitə yaradıb. İllərdir ki, Ermənistan həmin faydalı ola biləcək qurumun işini baykot edir. İndi Dağlıq Qarabağ, Azərbaycanın zəbt edilmiş ərazilərindəki təhlükəli vəziyyət üzrə yeni məruzə hazırlamaq qərarı var, Ermənistan yenə təşkilatımızın iradəsi əleyhinə hərəkət edir. Bu intizamsızlıqlara, qərarlar, qaydalar, nizamnamə əleyhinə olmaq cəhdlərinə nə qədər dözmək olar? Belə ərköyünlük, saymazyanalıq haqqını Ermənistana kim verib? Güman edirəm ki, artıq sərt üz göstərməyin vaxtı çoxdan çatıb. Avropa Şurası iradə ortaya qoysun, bircə saniyə vaxt sərf edərək bu məqsədlə düyməni basaq. Sabah Ermənistanın həmin bircə saniyəni sərf edərək növbəti dəfə tətiyi basmasının, yeni ölümlər, yeni faciələr törətməsinin qarşısını alaq. Axı söhbət həm də təcavüzkar, cığal bir üzvə bunca uzun müddət heyrətli səbirlə dözən Avropa Şurasının nüfuzundan gedir”.
Prezident karikaturanın yayılmasını tənqid edib
Sessiyada İrlandiya prezidenti Maqkl Hiqqins çıxış edib. Prezident insan haqları, demokratiya, məhkəmələr mövzusunda danışıb. Eyni zamanda Fransada baş verən terror hadisəsini də pisləyib. O, həmçinin karikaturanın yayımlanmasını tənqid edib və bunun nəticəsində çoxlu sayda insanın ölməsinə səbəb olduğunu deyib.
Qeyd edək ki, sessiya yanvarın 30-na qədər davam edəcək. Yanvarın 29-da Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin deputatlara müraciəti gözlənilir.
Cavidan