İntensiv yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan insanların təxliyəsi və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ötən gündən başlayaraq nazirliyin qüvvələri tərəfindən fasiləsiz tədbirlər həyata keçirilir və bu istiqamətlərdə bir çox yerlərdə suyun çəkilərək kənarlaşdırılmasına nail olunub.
Hazırda bəzi ünvanlarda suçəkmə işləri davam etdirilir.
Həmçinin güclü yağıntılar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən Nohur gölünün daşma riski nəzərə alınaraq hazırda nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.