Gəncə şəhərində intihar edən Ümid Əlizadə şəhid Anar Əlizadənin qardaşı oğludur.
Teleqraf.com-un qərb bürosu xəbər verir ki, A.Əlizadə Vətən müharibəsi dövründə - 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həyat yoldaşı Nurçin Əlizadə ilə birlikdə şəhid olub.
Onlar əslən Şəmkir rayonunun Çinarlı kəndindəndirlər. Anar Əlizadə ailəsi ilə birlikdə Gəncədə yaşayıb. Beş il əvvəl düşmənin raket hücumu zamanı onların evi dağılıb. Ailənin sağ qalan üzvlərinə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncədəki yaşayış kompleksində mənzil verilib.
22 yaşlı Ümid Yalçın oğlu Əlizadə yanvarın 13-də burada intihar edib. O, evin tək oğul övladı olub və bu yaxınlarda atası ilə birlikdə Moskva şəhərindən Azərbaycana qayıdıb. Gəncin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Ü.Əlizadənin heç bir pis vərdişi olmayıb.
Mərhum ata-baba yurdu olan Şəmkir rayonunun Çinarlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimi qeyri-adi formada keçirilib, musiqi səsləndirilib, cənazəsinin önündə bəzədilmiş avtomobillərdən ibarət “toy karvanı” gedib. Yaxınları bunu Ümidin subay olması, onun toyunu görə bilməmələri ilə izah ediblər.
Ü.Əlizadənin intihar faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.