Göygöl rayonu Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Bu sözlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Teleqraf.com-un yerli bürosuna bildirilib.
"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Həmin şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə məlumatda qeyd olunur.
***
17:16
Göygöl rayonunda yeniyetmənin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb.
Bıcaq xəsarəti almış Ə.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən Ə.Teymurovdur.
Onun da məktəbli olduğu deyilir. Bıçaq xəsarəti alan şəxsin vəziyyəti orta-ağırdır. Hadisə məktəbdən kənarda kənd ərazisində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.