“Azərbaycan dövləti AŞPA müstəvisində Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı çox ciddi işlər görür”.
Teleqraf.com-un məlumatına görə, bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
E.Nəsirli bildirib ki, görülən işlərin çox müsbət nəticələri artıq ortaya çıxmaqdadır. Onun sözlərinə görə, bunun əsas nəticələrindən biri bu məsələlərlə bağlı məruzəçinin təyin olunmasıdır.
“AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin işğal faktı və onun nəticələri ilə əlaqədar araşdırması hesab edirəm ki, AŞPA səviyyəsində daha ciddi və daha arqumentli müzakirələrin keçirilməsinə imkan yaradacaq. Onu da xatırlamaq lazımdır ki, ATƏT-in bu məsələ ilə bağlı missiyası iki dəfə regionda olub və Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı kifayət qədər faktlar toplayıb. Amma Ermənistan tərəfi bu faktların heç birinə məhəl qoymadan öz işğalçı siyasətini davam etdirir. Ona görə də, Azərbaycan tərəfi müxtəlif müstəvilərdə öz təbliğat işini aparmaqdadır. Məqsəd isə işğalçının cəzalandırılmasına nail olmaqdır. AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin regiona səfəri də münbit şərait yarada bilər. Bu səfər bir daha Azərbaycan tərəfinin məsələ ilə bağlı ciddi cəhdlə fəaliyyət göstərdiyini sübut edir”, – deyə politoloq qeyd edib.
Səxavət