“Son zamanlar atəşkəsin daim pozulması azadlığa təzyiqdir”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycan-Ermənistan təmas xəttindəki gərginliyin durmadan artmasını və məsələnin əsas məğzini belə şərh edib:
“Atəşkəsi pozan əsas tərəf Ermənistandır. Mən bunu hər zaman demişəm və bir daha təkrar edirəm ki, Ermənistana və atəşkəsə rəhbərlik Moskvadan gəlir. Onlar istəməzələr ki, atəşkəs xəttində sakitlik olsun və gözlənilsin. Bu, o vaxt baş tuta bilər ki, tərəflər sülh müqaviləsi üzərində işləmək haqqında razılığa gəlsinlər. Buna şərait yaratmaq üçün atəşkəsi pozmamaq əmri verilməlidir. Atəşkəs əmrini isə Ermənistan tərəfi verməlidir. Ancaq hələ ortada heç nə yoxdur. Çünki atəşkəsi pozan onlardır. Bu, o deməkdir ki, Azərbaycanı daima təzyiq altında saxlamaq istəyirlər. Buna görə də Azərbaycan cavab atəşi açmağa məcburdur. Nəticədə də itkilər olur”.
Cəbhə xəttindəki son təxribatların qarşıdan gələn olimpiya oyunlarına heç bir dəxli olmadığını bildiriən Vəfa Quluzadənin sözlərinə görə, əgər Ermənistan Rusiya tərəfindən təhrik edilsə, müharibə günü sabah başlayar:
“Bax, elə əsas məsələ də bundan ibarətdir. Azərbaycan Ermənistandan nə qədər güclü olsa da, erməninin müttəfiqi Rusiyanı yadından çıxartmır. Əks halda bu, Rusiyaya bir bəhanə olar ki, erməninin əli Azərbaycana zərbə vursun və özü də bunda iştirak etsin. Qeyd edim ki, artıq Rusiya öz aqressivliyini hər yerdə təsdiq edib. Birincisi, Gürcüstanda, ikincisi isə Ukraynada. Bundan əlavə isə Rusiyanın qəbul etdiyi qanunların hamısı aqressiv qanunlardır. Bu da özlüyündə Rusiyaya haqq qazandırır ki, istənilən ölkəyə müdaxilə etsin. Sözügedən məsələni ancaq bu cür izah etmək olar”.