11 Aprel 2015 16:46
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Mitinqlə bağlı mövqeyimizi Cəmil Həsənli şəxsi zəmində qəbul etdi”

“Bizdə seçki hazırlığı üzrə işlər davam edir. Təxminən iyirmiyə yaxın dairədən namizədlərimiz müəyyən edilib. Yəqin ki, aprelin sonu və ya mayın əvvəlində siyahını açıqladıq. Çalışırıq ki, üzvlərimiz özlərini şanslı hesab etdiyi dairədən sınasınlar”.

Bunu Respublikaçı Alternativ Hərəkatının icraçı katibi Natiq Cəfərli deyib. O, əlavə edib ki, seçkilərə blok şəklində getməmək haqqında qərarlarını dəyişməyiblər: “Biz seçkiyə blok və ya koalisiyalarla getməyəcəyik. Bu, dəqiqdir. Ancaq seçkilərə az müddət qalanda ola bilər ki, seçkidə müşahidə və nəzarətin tənzimlənməsi üçün müzakirə aparılsın. Amma blok şəklində seçkiyə getmək barədə söhbət gedə bilməz”.

Natiq Cəfərli gözlənilən qurultaylarının ertələnə biləcəyini də vurğulayıb: “Bir aydan sonra Avropa Yay Olimpiya Oyunlarına hazırlıq daha da güclənəcək, eləcə də, müəyyən məhdudiyyətlər qüvvəyə minəcək. Biz bu məqamı nəzərə alırıq. Əlbəttə, qurultayımızı mayın 28-də keçirməyi düşünürük. Əgər bu maneələri aşa bilsək, qurultayı keçirəcəyik. İndilikdə görünən budur ki, toplaşma və tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edilə bilər. Əslində, məntiqlə də belə olmalıdır. Böyük tədbirlər öncəsi bütün şəhərlərdə belə tədbirlər həyata keçirilir. Odur ki, qərara gəldik ki, əgər belə məhdudiyyətlər tətbiq edilsə, seçkilərə 2-3 ay qalmış qurultayın keçirilməsi daha məntiqli olardı, seçki prosesinə də impuls verərdik. Odur ki, biz hazırlıq işlərini maya qədər tamamlayacağıq. Əgər mayda imkan olsa, qurultaya gedəcəyik, imkan olmasa, sentyabrın əvvəlində bu tədbiri keçirəcəyik. Hazırda qurultaya hazırlıq işləri aparılır, bu məqsədlə görüşlərimiz, regionlara səfərlərimiz olur. Qurultayımızda təxminən 500 nəfərə yaxın insanın iştirak edəcəyini nəzərdə tuturuq, amma bu daha çox məkandan asılı olacaq”.

“Azadlıq-2015" Seçki Bloku haqqında danışan REAL nümayəndəsi deyib ki, bu qurumun son toplantısına dəvət almayıb: ”Açığı, onların son toplantısını mətbuatdan izləmişəm. Təbii ki, seçki ilində belə tədbirlər keçirilməlidir. Amma partiyalar, qurumlar öz istiqamətlərini müəyyən etməli, proqramlarını açıqlamalıdır. Ancaq bu təşkilatın hansısa proqramının olmasını, hansı təkliflərlə çıxış etdiyi haqda məlumat yoxdur. Onları mətbuatdan izləsəm də, ciddi informasiya əldə edə bilmədim".

Natiq Cəfərli REAL-ın Milli Şuranın təşkil etdiyi mitinqlərə qatılmamasının səbəblərini də açıqlayıb: “Azərbaycanda indiki vəziyyətdə mitinqlərin effekt verəcəyinə inanmıram. İkincisi, mitinqdə səsləndirilən şüarların bir çoxu ilə REAL-ın dünyagörüşü arasında ziddiyyət var idi. Biz də bunu açıq ifadə etdik. Həm də iqtisadi və sosial mövzuda keçirilən mitinqlərdə siyasi tələblər səsləndirilməməlidir. Bu, məntiqsiz haldır. Çox güman ki, Cəmil Həsənli bu mövqeyimizi bəyənməsin. Bu da, təbiidir. Biz fikir və tezis davası aparırıq, insanların şəxsiyyəti, şəxsi keyfiyyətləri ilə işimiz yoxdur. Ancaq bizim mitinqlə bağlı mövqeyimizi Cəmil Həsənli şəxsi zəmində qəbul etdi”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər