3 İyun 2015 19:58
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbii ki, seçki kampaniyası aparmaq üçün maliyyə lazımdır. Yaxşı kampaniya üçün daha yaxşı maliyyə tələb olunur. Ancaq çox təəssüflər olsun ki, bu gün bəhs etdiyim maliyyə vəsaiti bloka daxil olan partiyaların heç birində yoxdur. Biz çalışacağıq ki, gələcəkdə üzvlərimizin üzvlük haqqı hesabına, ianələr cəlb etməklə bu vəsaiti toplamağa çalışaq. Doğrudan da, maliyyə vəsaitinin olmaması bizə xeyli problemlər yaradır”.

Bunu Teleqraf.com-a müsahibəsində “Azadlıq-2015” seçki blokunun təsisçisi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Müsahibəni təqdim edirik:

- Qulamhüseyn bəy, sədri olduğunuz partiya “Azadlıq-2015” seçki blokunda təmsil olunur. Bu bloka daxil olmaqda məqsəd nədir?
- “Azadlıq-2015” seçki blokunun məqsədi qarşıdan gələn parlament seçkilərində iştirak etmək, bura daxil olan partiyaların fəaliyyətini əlaqələndirmək, vahid seçki platforması ilə çıxış etməkdir. Bu mənada artıq blokun seçki qərargahı yaradılıb, ilkin məsləhətləşmələr başa çatıb, kimlərin hansı dairədən namizəd olacağı bəllidir. Düzdür, bu tam olaraq yekun qərar deyil. Çünki seçkiyə müəyyən müddət qalır, hansısa dəyişikliklər ola bilər. Amma demək olar ki, seçki dairələri bloka daxil olan siyasi partiyalar arasında bölüşdürülüb. Blokda son durum bundan ibarətdir.

- Aydınlar Partiyası olaraq neçə dairə ilə bağlı razılıq əldə etmisiniz?
- Blokda müzakirə edilərkən konkret namizədlər müəyyən edilməyib. Kimin harada qalib gəlmək şansı varsa, bu, əsas götürülüb. Seçki dairələrinin bərabər bölünməsi məsələsi yoxdur. Kimin hansı dairədən şansı varsa, həmin partiya bu dairədə namizədini müəyyən edir. Hazırda yekun qərar verilmədiyi üçün bu və ya digər dairələr bölünməyib, ancaq orta bərabərlik prinsipi də gözlənilib. Əlbəttə, bəzi partiyalar var ki, onlara daha çox dairə düşüb, çünki onların namizədlərinin bu dairələrdən daha çox seçilmək şansları var. Bəzi partiyalar da var ki, 2-3 dairəyə üstünlük verir. Odur ki, partiyaların konkret neçə namizədinin olması bəlli deyil.

- Bizə daxil olan xəbərə görə, blok daxilində bəzi dairələrlə bağlı fikir ayrılığı yaranıb, səbəb də bu dairələrə bir neçə partiyanın iddia etməsidir...
- Yox. İlkin müzakirələrimiz zamanı heç bir narazılığa rast gəlməmişik. Ola bilsin ki, bir neçə dairədə partiyalar öz namizədlərinin qalib gəlmək imkanında olduğunu bildiriblər. Biz də bu dairələr üzrə qərar verməmişik. Hesab olunub ki, bu dairələr gələcəkdə həmin partiyalar arasında yoluna qoyulacaq.

- Yəni bir neçə dairə məsələsində razılıq əldə edilməyib və bu dairələr açıq saxlanılıb...
- Hələ ki, açıq qalan dairələrimiz var. Ancaq bunu da fikir ayrılığı kimi təqdim etmək doğru olmazdı. Seçkilərə hələ müddət var. Üstəlik indi əsas gündəm mövzusu seçkilər və namizədlər məsələsi deyil.

- Siz ənənəvi seçki kampaniyası aparacaqsınız, yoxsa yeniliklər olacaq?
- İlk növbədə Azərbaycanda fərqli seçki kampaniyasından daha çox ənənəvi seçki kampaniyası termini işlənilir. Bu baxımdan öncədən mütləq yeniliklər olacaq söyləmək bir qədər çətindir. Amma düşünürəm ki, seçki kampaniyasında müəyyən yeniliklər olmalıdır. Ənənəvi seçki kampaniyasının müsbət və mənfi nüansları var. Amma yəqin ki, yeni seçki texnologiyaları, digər ölkələrdə tətbiq olunan müasir seçki yanaşmalarının da tətbiqi barədə düşünəcəyik. Bu, hələlik blokun seçki qərargahının işidir. İndilikdə bu istiqamətdə müzakirələr gedir, amma məhz nəyə üstünlük verəcəyik, hansı formada yenilikləri tətbiq edəcəyik məsələsində qəti qərar yoxdur. İndilikdə başqa ölkələrin təcrübələrini öyrənirik, müsbət hesab etdiyimiz təcrübələri də tətbiq etməyə çalışacağıq.

- Seçkilərdə hansısa təkliflərlə çıxış edəcəksinizmi?
- Bizim seçkiöncəsi platformamız hazırlanacaq. Həmin vaxt çalışacağıq ki, regionların və seçki dairələrinin xüsusiyyətləri nəzərə alınsın. Amma biz həm də vahid və nümunəvi seçki platformasından çıxış edəcəyik. Təbii ki, bu zaman seçki dairələrinin spesifikası da nəzərə alınacaq.

- Niyə Azərbaycanda seçki blokları iflasa uğrayır və siz bu reallıqları nəzərə alırsınızmı?
- Deməzdim ki, seçki blokları tam olaraq iflasa uğrayır. Əslində, təcrübə göstərir ki, Azərbaycanda seçki blokları həm də səslər toplaya bilir. Sadəcə olaraq seçki sisteminin quruluşu elədir ki, bloklar özlərini ifadə edə bilmirlər. Məsələn, 2005-ci ildə “Azadlıq” seçki bloku YAP-dan bir qədər az səs toplamışdı. Həm də nəzərə almaq lazımdır ki, seçki bloku seçki dövrü üçün nəzərdə tutulur. Seçki prosesindən sonra seçki bloklarının fəaliyyətini dayandırması və ya dağılması təbii prosesdir. Əgər parlamentli respublika olsaydı, seçki blokunu koalisiyaya və ya siyasi bloka çevirmək olardı. Amma bizdə prezidentli respublika olduğundan seçki bloklarının seçkidən dərhal sonra fəaliyyətini dayandırması təbii qarşılanmalıdır.

- Demək, seçkilərdən dərhal sonra “Azadlıq-2015” fəaliyyətini dayandıracaq.
- Təbii ki, seçki bloku olaraq fəaliyyətini dayandıracaq. Ancaq başqa addımlar da ola bilər. Məsələn, seçki bloku siyasi bloka çevrilə bilər. Və ya gələcəkdə parlamentdə təmsil olunacaqsa, onların fəaliyyəti əlaqələndirilə bilər.

- Siyasi bloklar nə qədər davamlı ola bilər, təcrübə bunun əksini ortaya qoymurmu?
- Bu məsələdə Azərbaycanda mövcud durumu da nəzərə almaq lazımdır. Seçki bloklarına daxil olan qüvvələr təbii ki, bəzən bir-birini ittiham edirlər. Bu, reallıqdır. Lakin bunun da dərin səbəbləri var. Ancaq bəzən partiyalar seçkidən sonra da birgə fəaliyyət göstərmək istəyirlər və buna da normal yanaşmaq lazımdır. Yoxsa, mütləq dağılacaq, məhv olacaq deyə blok yaratmamaq doğru olmazdı. Onsuz da, bir gün doğulan, bir gün ölür. Bunu əsas götürüb həyatda heç nə etməyib də ölümü gözləmək gülməli olar.

- Seçki blokunuzun seçki kampaniyası aparmaq üçün resursları, maliyyə imkanları olacaqmı?
- Siz məsələnin ən ağrılı yerinə toxundunuz. Təbii ki, seçki kampaniyası aparmaq üçün maliyyə lazımdır. Yaxşı kampaniya üçün daha yaxşı maliyyə tələb olunur. Ancaq çox təəssüflər olsun ki, bu gün bəhs etdiyim maliyyə vəsaiti bloka daxil olan partiyaların heç birində yoxdur. Biz çalışacağıq ki, gələcəkdə üzvlərimizin üzvlük haqqı hesabına, ianələr cəlb etməklə bu vəsaiti toplamağa çalışaq. Doğrudan da, maliyyə vəsaitinin olmaması bizə xeyli problemlər yaradır.

- Siz, Milli Şuranın üzvü olaraq qalırsınız?
- Milli Şuranın tərbirlərində iştirak etmirəm və formal üzv olaraq qalıram.

- Bu, seçkilərdə problem yaratmayacaq?
- Milli Şura seçki blokuna çevrilsə, anlaşılmazlıq yaranacaq. Çünki bir partiya yalnız bir seçki blokunda təmsil oluna bilər. Ancaq Milli Şura seçki bloku olmadığı üçün indilikdə hansısa partiyanı oradan kənarlaşdırmaq əsaslı olmazdı.

- Hansı dairədən namizədliyinizi irəli sürəcəksiniz?
- İndilikdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyimi irəli sürmək haqqında düşünürəm. Amma seçkidə iştirak bir çox amillərdən asılı olacaq və bu amillərdən biri də maliyyə məsələsidir. Əslində, mən istənilən seçki dairəsində Azərbaycan səviyyəsində seçki kampaniyası təşkil edə bilərəm. Ancaq qeyd etdiyim dairədən iki dəfə namizəd olmuşam, dairənin xüsusiyyətlərini bilirəm, seçicilər mənə tanışdır.

- Bir neçə gündən sonra Türkiyədə parlament seçkiləri keçiriləcək. Sizcə, qardaş ölkədə qaliblər və məğlublar hansı partiyalar olacaq, proqnozunuz varmı?
- Mən çalışıram ki, həm ölkə daxilində, həm də ölkə xaricində hadisələrə proqnoz verməyim. Çünki proqnoz vermək siyasətçilərdən daha çox analitiklərin işidir. Ancaq hesab edirəm ki, Türkiyədə seçkilərdə qanun pozuntusu olmayacaq. Hər halda indi Türkiyədə hakimiyyətdə olan qüvvələrin qalib gəlmək şansları daha yüksəkdir.

- Bir neçə gündən sonra Bakıda I Avropa Oyunları təşkil olunacaq. Bu beynəlxalq tədbirin Vətənimizdə keçirilməsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda belə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi normaldır və buna müsbət yanaşmaq lazımdır. Təbii ki, bu tədbirlərin əhəmiyyəti var. Azərbaycanın belə oyunlara ev sahibliyi etməsi yaxşı haldır. Bu cür tədbirlərin keçirilməsi daima yaddaşlarda qalır. Azərbaycan hazırlıq işlərini yüksək səviyyədə aparır. Ancaq biz taleyimizi bu oyunlara bağlamırıq, oyunlardan sonra həyat davam edəcək.

- Bu kimi mühüm tədbirlərdən ölkəmiz hansı dvidendlər qazanacaq?
- I Avropa Oyunları dövründə Azərbaycanın informasiya baxımından böyük qazancı olacaq. Çünki dünyanın ən məşhur media orqanları və kanalları Bakıda olacaq. Azərbaycan haqqında əksər ölkələrdə təsəvvürlər yaranacaq, təbliğat gedəcək. Biz oyunlara hazırlaşmışıq, böyük komplekslər, infrastruktur yaradılıb. Bu komplekslərdən gələcəkdə də istifadə olunacaq. Bu tədbir ölkəmizdə turizmin inkişafı baxımından da müsbət addım olacaq.

- Bu tədbirin ölkəmizdə keçirilməsi Qarabağ probleminin həlli baxımından hansı üstünlük verə bilər?
- İstənilən təbliğatda istənilən amildən istifadə etmək olar. Qarabağ məsələsini də informasiya təbliğatı zamanı qabartmaq mümkündür. Ancaq biz üstünlükdən deyil, reallıqların açılması haqqında söhbət apara bilərik. Biz informatik baxımından bu fürsətdən istifadə edə bilərik. Həm Azərbaycanın tanınması, həm gələcəkdə ölkəmizə investisiyaların cəlb olunması istiqamətində. Hər bir hadisədən dövlət öz maraqlarına uyğun formada istifadə etməlidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər