Vüqar Zifəroğlu: “Qərb Yaxın Şərqdə baş verən hadisələrə öz maraqları çərçivəsindən baxır”
Türkiyə PKK və İŞİD-ə qarşı antiterror əməliyyatlarına başladıqdan sonra ölkənin stabilliyinə qarşı bu terror qruplaşmaları tərəfindən ciddi təhlükələr yaranıb. Eyni zamanda PKK-nın addımlarında aqressivlik özünü açıq şəkildə göstərir. Qardaş ölkə tərəfindən aparılan əməliyyatlar fonunda hər kəsi “Türkiyədə nə baş verir” sualı maraqlandırır.
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, bu ilk növbədə Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatlarından və gözlənilən effektli nəticələrdən irəli gəlir. Onun sözlərinə görə, həm daxildə, həm də xaricdə bu əməliyyatların qarşısını almaq üçün qardaş ölkəyə təzyiqlər edilir: “Şırnakda baş verən hadisələr də buna əyani misaldır. Bölgədə yaranmış vəziyyət Türkiyədən məhz qətiyyətlə problemi həll etməyi tələb edir. Qərb Yaxın Şərqdə baş verən hadisələrə öz maraqları çərçivəsindən baxır. İŞİD və PKK terror təşkilatları olsalar da, onlara münasibət fərqlidir. Biri bölgədə Qərbin maraqlarına ciddi təhlükə, ikincisi isə müttəfiqdir. Təbii ki, bu cür yanaşma sərgiləməyi Qərbin bölgədəki maraqları tələb edir. Lakin Türkiyənin də öz maraqları var və bu maraqlar hər iki təşkilatdan gələn terror təhlükəsini sərhədlərdən uzaqlaşdırmağı tələb edir. Bu səbəbdən də Qərbin İŞİD-ə qarşı koalisiyada aktiv iştirakı tələb etdiyi halda, Türkiyənin bölgədəki bölücü qruplaşmaları da hədəf alması təbiidir. Necə ki, bu zaman daxilində, həm də xarici faktorların işə düşməsi ilə müxtəlif formalı təzyiqlərlə üzləşməsi gözlənilən idi”.
“Ergenekon” ittihamları ilə yüksək rütbəli hərbiçilərin həbsi ilə bağlı ittihamın müəllifi olan prokurorların Ermənistana keçməsi məsələsinə toxunan V.Zifəroğlu deyib ki, Türkiyənin Ermənistanla mövcud siyasi münasibətləri, bu il İrəvanda təşkil edilən qondarma soyqırımla bağlı tədbirlə əlaqədar çox soyuqdur və bu səbəbdən həmin şəxslərin məhz bu ölkəyə üz tutmaları normaldır: “Hər halda qondarma “Ergenekon” dosyesi ilə Türkiyə və türk dövlətçiliyinə xidmətləri keçmiş insanları şərləyərək günahsız olduqları halda həbsə atan bir cameənin xidmətçilərindən bu cür hərəkət gözlənilirdi”.
Analitik əlavə edib ki, Türkiyə bölgədə layiq olduğu yeri tutmaq istəyir və atdığı addımlarla buna nail olmaq üçün mübarizədən çəkilməyəcəyini nümayiş etdirməkdədir: “Bölgədə maraqları olan digər güclər isə müxtəlif daxili və xarici faktorlardan istifadə edərək Türkiyəyə təzyiq etməyə çalışırlar. Birmənalı şəkildə qeyd edilməlidir ki, bu təzyiqlər hələ artacaq. Əsas odur ki, Türkiyə bütün bunlara rəğmən qətiyyətli addımlar atmaqda davam etsin”.
BƏXTİYAR