Rusiya Xəzərdəki üstünlüyünü nümayiş etdirir. Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib. Politoloqun qeydlərinə görə, bunu Kremlin son 3 addımı sübut edir.
“Kremlin təşəbbüsü ilə Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanmaları Xəzər dənizində hərbi yarışlar keçirildi. Yarışların məqsədi Xəzər sahili ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək idi. İkinci addım: Rusiyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkov deyib ki, bu ilin sonuna qədər Xəzəryanı dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri komandanları komitəsi yaratmaq barədə müzakirələr aparılacaq. Rusiya bu məqsədlə Azərbaycan, Qazaxıstan və İranla məsləhətləşmələrə 2015-ci ilin iyulundan başlayıb.
Üçüncü addım - Rusiya hərbi gəmiləri növbəti dəfə Bakıdakı limanda lövbər saldılar. Bunlar “Mahacqala” və “Volqodonsk” kiçik artilleriya hərbi gəmiləri və “Anatoloiy Qujvin” kiçik hidroqrafik gəmisi idi. Rusiya hərbi gəmilərinin tez-tez Bakı dəniz limanına gəlmələri siyasi mesaj xarakteri daşıyır. Bu dəfə hidroqrafik gəminin Azərbaycana gəlməsi sual doğurur. Çünki hidroqrafik gəmilər adətən kəşfiyyatla məşğuldur”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu addımlarını Xəzər sahili ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədi ilə atdığını bəyan edir: “Buna baxmayaraq, Kremlin iki məqsədi var. Birincisi, Kreml ABŞ-a mesaj göndərir ki, Pentaqon Xəzər hövzəsində hərbi fəallıq haqqında düşünməsin, burada Rusiyanın hərbi hegemonluğunu qəbul etsin. İkinci məqsəd isə odur ki, əməkdaşlıq etdiyi Xəzər sahili ölkələrin özləri Qərbin hərbi strukturları ilə əməkdaşlıqdan çəkinsinlər”.
E.Şahinoğlu bildirib ki, rəsmi Bakı Rusiyadan silah alır, Xəzərdə birgə hərbi təlimlərdə iştirak edir: “Ancaq rəsmi Bakı eyni zamanda Rusiyanın müdafiə sistemindən ehtiyat edir. Çünki Rusiya Azərbaycan torpaqlarını işğal edən Ermənistana silah verməkdə davam edir. Bu məqsədlə hətta İrəvana 200 milyon dollar kredit verib. Rusiya ordusu Cənubi Osetiya üzərindən Bakı-Supsa neft kəmərinin bir hissəsi üzərində nəzarət də ələ keçirib. Bu da Bakıya mesajdır. Digər tərəfdən, Rusiya Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropaya daşınmasını da əngəlləyir. Bu isə Türkmənistan və Azərbaycanın maraqlarına cavab vermir. Bu səbəblərə görə də regional təhlükəsizlik və boru xətlərinin qorunması məsələsində Azərbaycan ABŞ və NATO ilə əməkdaşlığa üstünlük vermək məcburiyyətindədir”.
Ayxan