Rusiya Xəzər donanmasının 40-a yaxın döyüş gəmisi hərbi təlimlərə başlayıb. Təlimlərə ümumilikdə 3 min hərbçi və 120-dən artıq hərbi texnika cəlb olunub. Rusiyanın xəzərdə aktivləşməsilə Teleqraf.com-un suallarını politoloq Fikrət Sadıqov cavablandırıb.
- Son vaxtlar Rusiyanın Xəzərdə aktivləşməsini nə ilə izah edərdiniz?
- Bu, Qərblə Rusiya arasında yaşanan konfliktin nəticəsidir. Moskva bir sıra bölgələrdə Qərbə əzələ nümayiş etdirir. Suriyaya desant göndərən Kreml hesab edir ki, ABŞ region ölkələrinə təsir edə bilirsə, hakimiyyətləri dəyişirsə, müharibələr aparırsa, Rusiya nə üçün sakit dayanmalıdır? Eyni zamanda Rusiya MDB ölkələrinə də mesaj göndəririr ki, imperiya çağlarında olduğu kimi, indi də, burada əsas güc, əsas söz sahibi odur. Yəni MDB məkanında yerləşən ölkələr bunu nəzərə alsınlar, nəticə çıxarsınlar.
- Getdikcə istiləşən Azərbaycan-Rusiya münasibətləri fonunda ikincinin rəsmi Bakıya hansısa əzələ nümayişi nə dərəcədə ağlabatandır?
- Partnyorluq güc nümayişini tam aradan qaldırmır. Həmçin Xəzərin ətrafında Qazaxıstan, Türkmənistan, İran kimi ölkələr də yerləşir. Hər üç ölkənin də Rusiya ilə yaxşı münasibətləri var. Deməli, Kreml dinc şəraitdə dominant ölkə, super güc olduğunu izah etməyə çalışır.
- Bəzi ekspertlər iddia edir ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşmasının arxasında birincinin Dağlıq Qarabağ münaqişəsinin həllində Kremldən dəstək alması durur. Necə düşünürsüz, münasibətlər daha da yaxşılaşsa, Rusiya bu məsələdə Azərbaycana dəstək verəcəkmi?
- Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir. Rusiyanın Ermənistanda hərbi bazası var və bütün istiqamətlər üzrə ona tam dəstək verir. Biz bunu başa düşürük. Elə etməliyik ki, Rusiya bizimlə münasibətləri inkişaf etdirməkdə maraqlı olsun. Çünki həqiqətən də, Rusiya üçün Azərbaycan daha vacib ölkədir, nəinki Ermənistan. Ermənistan daim Rusiyadan dəstək istəyir, pul umur. Bunu ruslar yaxşı başa düşürlər. Ona görə də, biz bu durumdan istifadə etməliyik. Qərb ölkələri bizdən nə qədər uzaqlıqda yerləşir? Bəlkə də bizim ərazimiz başqa yerdə olsaydı, Qərb dövlətlərilə daha sıx münasibət qurardıq. Amma yerləşdiyimiz coğrafiya bizi məcbur edir ki, qonşularla yaxşı münasibətdə olaq. Rusiya ilə münasibətləri korlamaq bizə heç bir müsbət dvidend gətirmir. ABŞ Dağlıq Qarabağa maliyyə yardımları ayırır, Ermənistana hərbi dəstək verir və s. Belə olan məqamda biz öz xarici siyasətimizin prioritetlərini maraqlarımıza uyğunlaşdırmalıyıq. Rusiya ilə münasibətlərimizi normal məcrada saxlamaq bizim üçün önəmlidir və maraqlarımıza uyğundur.
- İndi Rusiya ilə yaxınlaşan ölkələr Qərb tərəfindən ciddi təzyiqlərə məruz qalır. Belə olan halda Azərbaycan nə etməlidir?
- 90-cı illərin ortalarında Azərbaycanın Qərblə çox yaxın münasibətləri vardı. Beynəlxalq təşkilatlara üzv olmuşduq, iri layihələrə qoşulmuşduq. Birmənalı şəkildə Qərbə üz tutmuşduq. Amma biz gördük ki, Qərb Azərbaycana biganə yanaşır, torpaqlarımızın azad olunması üçün lazım olan dəstəyi göstərmir. Bizə deyirlər ki, ermənilərlə bir masa arxasında əyləşin və münaqişəni həll etməyə çalışın. Ona görə də biz xarici siyasətimizdə korrektələr etməyə başladıq. Bu, o demək deyil ki, bizim Rusiyaya məhəbbətimiz artıb və ya Qərbdən tam üz döndəririk. Dağlıq Qarabağ məsələsində bizə kim dəstək verirsə, biz də onlarla yaxınlaşırıq. Adekvat cavab verməyə daim hazırıq. Biz Ermənistan kimi Rusiya ilə müttəfiq olmuruq. Biz Rusiyada yardım, pul istəmirik, eyni zamanda ondan imtina da etmirik.
Ruslan