Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə iddiasını ortaya qoyan Rəyasət Heyətinin üzvü Sahib Kərimli təhqirlərlə üzləşib. Teleqraf.com xəbər verir ki, bu barədə AXCP Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli özünün “Facebook” səhifəsində yazıb.
"Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, amma iddiamın arxasında hansısa niyyət axtarılır. Nəyi və niyə sataraq iddialı olum ki? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa, əl sıxaq, öyrənək, öyrədək. Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq. Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən
iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar", deyə S.Kərimli bildirib.
AXCP-nin bəzi üzvləri S.Kərimlini hakimiyyətə işləməkdə, AXCP daxilində qarşıdurma yaratmaqda ittiham edirlər.
Xatırladaq ki, AXCP sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultay keçirmək niyyətindədir.
Ayxan