“Məğlub olacağını anladığından biabırçılıq yaşamaq istəmədi”
Tanınmış hüquqşunas Aslan İsmayılov Milli Məclisə seçkilərdə namizədliyini geri götürdüyünü bəyan edib. A.İsmayılov bununla bağlı sosial şəbəkələrdə videomüraciət yayımlayıb. O, videomüraciətdə namizədliyini geri götürməsinin səbəblərini açıqlayıb.
Xatırladaq ki, Aslan İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılmışdı.
Sözügedən dairə üzrə hazırki deputat Adil Əliyevdir. O, bu seçkilərdə də namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyasının 20 saylı dairədən namizədi İbrahim Əsədovdur.
Adil Əliyev rəqibinin geri çəkilməsinə dərhal reaksiya verib. O, A.İsmayılovun namizədliyini geri götürməsini elə sosial şəbəkədə şərh edib: “Qələbəmə zərrə qədər də şübhəm yoxdur. Bunu bizim dairədən millət vəkilliyinə namizədlərin bir qismi də anlayır, artıq onlardan 3-ü namizədliyini geri götürüb. Bunlardan sonuncusu Aslan İsmayılovdur. Bu şəxs namizədliyini geri götürdükdən sonra özündən “qəhrəman” obrazı yaratmaq məqsədilə görüntülü müraciət yayıb və indiyə qədər keçirilən bütün seçkilərin saxtalaşdırıldığını iddia edib. Özünun də etiraf etdiyi kimi 1995-ci ildən bu yana bütün seçkiləri uduzması bir yana, başqalarının qələbəsinə kölgə salır. Niyə bu qədər əsəbi olduğu aydındır. 4 seçkidə iştirak edib və hər birində məğlub olub. Ancaq Aslan İsmayılov video görüntüsündə böyük bir sirrinin də üstünü açıb. Sən demə, qatıldığı seçkilərdə onun məqsədi millət vəkili seçilmək deyilmiş, “seçkilərin saxtalaşdırıldığını” seçicilərə göstərmək və televiziyada çıxış etmək imiş. Adamdan soruşmazlarmı, doğru-dürüst seçkidə nə zaman iştirak etdin ki, “saxtalaşdırmadan” danışırsan? Yəni bu şəxsin məqsədi seçkidə fəal iştirak, seçicilərlə canlı ünsiyyət qurub mübarizə etmək olmayıb. Seçkidə namizədliyini irəli sürməklə sadəcə özünü bu yolla cəmiyyətə bir az daha “tanıtdırmaq” olub”.
Onun sözlərinə görə, seçki təbliğatı dövrünün yarısı arxada qalsa da, Aslan İsmayılov bu müddət ərzində bir dəfə də olsun seçicilərlə görüş keçirməyib: “Belə olan halda seçicilər niyə ona səs verməli idi ki? Bunu onun özü də yaxşı anlayır, yalnız etiraf etməyə gücü çatmır. Deyir ki, 2010-cu ilin seçki nəticələrindən şikayətinə Avropa Məhkəməsində baxılır və oradan cavab gözləyir. Cavabı çox gözləməli olacaq. Çünki elə öz yaxın ətrafının da etiraf etdiyi kimi 2005-ci ildə olduğu kimi 2010-cu il seçkisini də Adil Əliyev udub. Müraciətində yenə televiziyadan danışır. Guya İctimai Televiziyada debata imkan verilsəydi, seçicilərə nəsə “yeni fikir” çatdıracaqmış. Bir daha təkrar edirəm, İctimai Televiziyada debata qatılmaq istəyən şəxs bunu 2010-cu ildə edərdi. Mən həmin debata qatıldım, o isə həmin vaxt Amerikaya getməyə üstünlük verdi. Deməli, onun İctimai Televiziya ilə bağlı debat fikri də blefdən başqa bir şey deyil. Bu dəfə İctimai Televiziyada debatın olmayacağı seçki günündən bəlli idi. Bu, hamıya məlum idisə, onun “mən seçkiyə İctimai Televiziyada çıxışa görə qatıldım” fikri başdan-ayağa yalandır. Aslan İsmayılovun seçkidə namizədliyini geri götürməsinin bir səbəbi var: O budəfəki seçkidə də Adil Əliyevə böyük hesabla məğlub olacağını anladığından 3-cü dəfə bu biabırçılığı yaşamaq istəməyib! Vəssəlam!”
Nərgiz