Rafiq Daşdəmirli: “Əli Kərimli onları dinləmək əvəzinə partiyadan uzaqlaşdırmaq yolunu tutdu”
Razi Nurullayevin narazıların toplaşdığı AXCP-nin sədri seçilməsindən sonra AXCP-nin hüquqi sahibi olmaq uğrunda mübarizə başlayıb.
Narazıların əsas fiqurlarından olan Rafiq Daşdəmirli bəyan edib ki, alternativ AXCP-nin yaranması gənclərin narazılığı ilə baş verən bir proses olub: “Bu, Nərimanov və Suraxanı rayon şöbələri üzvlərinin partiyadan qovulmasından və mənim də həmin gənclərə dəstəyimdən sonra başlayan prosesdir. Bu proses sonradan böyük hərəkata çevrildi. Etimad Qurultayı tam qanuni və legitimdir. Partiya üzvlərinin əksəriyyəti, əsasən, gənclər Əli Kərimlinin avtoritar üsul-idarəsinə, siyasi mübarizədə söyüş və təhqir metodlarına etiraz ediblər. Əli Kərimli onları dinləmək əvəzinə, demokratik prinsipləri pozaraq narazıları partiyadan uzaqlaşdırmaq yolunu tutdu.
Ona görə də narazı cəbhəçilərin Etimad Qurultayı keçirməkdən başqa yolu qalmadı. Biz çox çalışırıq və bir çox işlər də görmüşük. Gecə-gündüz əziyyət çəkib, bu qədər şöbələr qurub gənclərlə bir araya gəlmişiksə, əminəm ki, xalqın istədiyi AXCP-nı yaradacağıq. Əsas odur ki, Əli Kərimlinin dəstəsində olan qaragüruhçuluq burada yoxdur. Siyasi mübarizədə etika qorunmalıdır”.
Daşdəmirli əlavə edib ki, Əli Kərimli heç də göründüyü kimi deyil: “Əli Kərimlinin bir var göründüyü, biri də var gördüyü işlər. İnsan gərək yürütdüyü siyasətə baxıb getdiyi yolu müəyyənləşdirsin. Gərək elə bir siyasət yürüdəsən ki, geriyə baxanlar da sənə heyran olsun. AXCP-də uzun illər vəzifədə olmuşam. AXCP-nin yaradıcılarından biriyəm, əziyyət çəkmişəm. Ancaq insanlar bizə-müxalifətə qoşulmağa çəkinirlər. Bu, yanlış siyasətin nəticəsidir. Son zamanları nəzərdən keçirəndə görürük ki, səhv siyasət nəticəsində ziyalılarımızın bizə dəstəyi yoxdur. Ziyalıların dəstəyi olmayan yerdə heç bir müxalifətdən söhbət belə gedə bilməz”.
AXCP üzvü Fəxrim Abduləzimov isə Əli Kərimlinin qrupunu müdafiə edənləri sərt tənqid edib: “Arif Hacılının AXCP haqda dediyi sözlər birbaşa Əli Kərimlinin tapşırığıdır. Müsavatçılar AXCP-dən ayrılıb müstəqil partiya olanda Əli Kərimlinin məqsədi Müsavat Partiyasını parçalayıb zəiflətmək oldu. Əslində, buna nail olub. Arif Hacılının vasitəçiliyi ilə Müsavat Partiyası parçalandı. Müsavat başqanının legitimliyini müsavatçılar özləri də qəbul etmir. Səbəb sədr seçkisini Qubad İbadoğlunun udmasıdır. Arif Hacılı saxtakarlıqla sədr oldu, partiyada onun rəhbərliyindən kütləvi narazılıq var. Belə olan halda eyni yolla sədr seçilən bir nəfərin Əli Kərimlinin sədrliyini tanıması təbii haldır. Çünki saxta sədrlər bir-birlərini vəziyyətdən çıxararaq, müdafiə edərək özlərini qoruyurlar. Düşünürəm ki, yaxın günlərdə tərəfdaşlıq da edəcəklər. Düzdür, bu tərəfdaşlıq “Azadlıq” bloku kimi uzun müddət davam etməz, çünki məqsəd yalnız yeni maliyyə mənbəyinin tapılması və öz var-dövlətlərinin artırılmasıdır”.
Cavidan