“Qərbdə bəzi qüvvələrin seçki öncəsi Azərbaycana qarşı irəli sürdükləri ittihamlar geosiyasi proseslərin tərkib hissəsidir”.
Bunu Secki-2015.az saytına açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, bu qüvvələr hesab edirlər ki, Azərbaycan da digər ölkələr kimi onların məntiqini qəbul etməlidir: “Lakin Azərbaycanın öz müstəqil yolu var və daim bu yolda addımlayır. Absurd iddialarla Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Azərbaycana təzyiq göstərmək cəhdi də mənasızdır”.
R. Məmmədov qeyd edib ki, seçkiyə kölgə salmağa cəhd edənlər qüvvələr özlərini ifşa etdilər: “Çünki, onların iddia etdikləri məsələlər heç bir arqumentə söykənmir. Digər tərəfdən, məhz seçki öncəsi bu cür ittihamlarla gündəmə gəlmələri əsl məqsədlərinin heç də demokratiya və insan haqları olmadığını sübut etdi”.
“Azərbaycan demokratik seçki təcrübəsinə malikdir. Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ədalətli və şəffaf keçiriləcək. Bunu təkcə biz yox, bir çox beynəlxalq ekspertlər, müşahidəçilər də deyirlər”,- deyə politoloq əlavə edib.