Əhməd Oruc: "Nurəddin Məmmədli proqramlaşdırılan professorlar sinfinə daxildir"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Nurəddin Məmmədli 10-a yaxın siyasi partiyanın "Anti-böhran" koalisiyası yaratmasını tənqid edib. N.Məmmədli bildirib ki, onlar kiçik qurumları müxalifət hesab etmir, ona görə də əməkdaşlıq etmək fikrindən uzaqdırlar.
N.Məmmədli iddia edib ki, bu koalisiyanın Azərbaycan xalqına nə xeyri, nə də zərəri olacaq.
Müxalifətin yeni koalisiyasında birləşən qüvvələrdən AXCP rəhbərliyinin iddialarına cavab gəlib. Azadlıq Partiyasının sədri Əhməd Oruc N.Məmmədlinin ciddi siyasətçi olmadığını, maaş aldığı şəxsin sözlərini dediyini iddia edib: "Əslində, mən koalisiyanın işində bir dəfə iştirak etdim. Həmin toplantıda nə qeyri-ciddi insanlar, nə də fikirlər gördüm. Hamısı siyasətçidir və vəziyyətlə bağlı təkliflərini uzlaşdırmağa çalışırlar. Həm də, bu qurumun strukturu, fəaliyyət sferası müəyyən edilməyib. Məqsəd odur ki, ümumi təkliflər paketini ortaya qoymaq üçün fəaliyyət uzlaşdırılsın. Nurəddin Məmmədli deyir ki, kiçik təşkilatları müxalifət hesab etmir və onlarla əməkdaşlıq etmək istəmirlər. Azərbaycanda bəzi qüvvələr var ki, müxalifəti bir araya gətirmək istəyirlər. Bəzi qüvvələr də var ki, müxalifət bir arada olanda onların şəxsi maraqları ödənilmir. Onlar ayrılıqda qrantlar alır, beynəlxalq qurumlara "əsas müxalifət bizik" deyə təqdim edirlər. Ümumi birlik olanda onların bu işləri yerimir. Nurəddin Məmmədli professordur. Başa düşür ki, indiki dövrdə AXCP və Milli Şuranın nəsə etməyə gücü çatmır. Birliklə bağlı addımları da süngü ilə qarşılayırlar. Nə etmək istədikləri özlərinə də bəlli deyil. Bizim cəhdlərimizin müəyyən əsasları var. Açığı, istəməzdim ki, Nurəddin Məmmədlinin xətrinə dəyim. Nurəddin bir zaman deyirdi ki, gəlin Rəsul Quliyevin ətrafında toparlanın. İndi deyir ki, bizi Cəmil Həsənli xilas edəcək. O, proqramlaşdırılan professorlar sinfinə daxildir. Maaş aldığı şəxs nə göstəriş versə, onu da deyəcək. Bizdə isə məntiqi mülahizələr var, reallığa uyğun əməkdaşlığa çalışırıq. Nurəddin Məmmədli 2005-ci ildə iddia edirdi ki, Rəsul Quliyev gəlir, çantalarınızı götürün durun sıraya. Odur ki, Nurəddin Məmmədli səhhəti ilə məşğul olsun. Yaxşı insandır, amma belə siyasi çıxışlar etməsin".
Ə.Oruc bildirib ki, onların Əli Kərimlinin yanında durmaq niyyəti və marağı yoxdur: "Nurəddin müəllim indi də deyir ki, Əli Kərimlinin yanında durum. Əli Kərimlinin konsepsiyası üstündürsə, niyə müxalifətin təşkil etdiyi toplantılara gəlməyə, fikirlərini əsaslandırmağa çəkinir? Bu iclasa yığışanlar, əslində, uzun illər Əli Kərimli ilə bir yerdə olan insanlardır. Amma gəlib daha böyük toplantılarda konsepsiyası haqda danışmır. Hər kəs ordan-burdan köçürüb və iddia edir ki, mən yeni sənəd hazırlamışam. Biri deyir ki, anti-böhran konsepsiyası hazırlamışam, digəri deyil yol xəritəsi cızmışam. İnternetdə bu cür sənədlər yüzlərlədir. Odur ki, Əli Kərimlidə konsepsiya varsa, gəlsin böyük auditoriyalarda danışsın. Ancaq bilirəm ki, onlar böyük akt zalında danışa bilmirlər. Çünki belə zalda oturanların hamısı maaş verdiyi Nurəddin Məmmədlilər olmur. Əli Kərimli gəlib bizim qarşımızda nə danışa bilər? Təbii ki, heç nə. İyirmi ildir ki, camaatı aldadırlar".
CAVİDAN