"Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü bu üç ölkə arasında yaradılmış üçtərəfli formatın uğurunun göstəricilərindən biridir".
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünə münasibət bildirərkən qeyd edib.
Ekspert qeyd edib ki, hələ 28 aprel 1998-ci ildə Türkiyənin Trabzon şəhərində üç ölkə prezidentinin iştirakı ilə görüş keçirilmişdi: "29-30 aprel 2002-ci ildə yenidən 3 prezidentin iştirakı ilə keçirilən görüşdən sonra bu format daha da güclənmiş, daxili işlər, xarici işlər, hərbi, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli formatlar yaradılmışdı.
Bu, həm təbii, həm də faydalı idi. Çünkü bu üç ölkə qlobal əhəmiyyəti olan regional layihələr icra edirlər. Söhbət həm enerji layihələrindən, həm transport layihələrindən, həm ümumi təhlükəsizlik zolağının yaradılmasından gedir. Təbii ki, bu 3 ölkə mütləq xüsusi formatda görüşləri davam etdirməli, mütəmadi olaraq məsləhətləşməlidirlər".
A.Aslanlıya görə, son görüş Türkiyə ətrafında gedən proseslər və Gürcüstan ilə Qazprom arasında müzakirələr baxımından xüsusi əhəmiyyət daşıyırdı: "Üç ölkə nazirlərinin keçirdiyi görüşlərdə, verilən birgə bəyanatda vacib məsələlərə toxunulub və qarşılıqlı açıq dəstəyin ifadə olunması qeyd edilib. Yəni kənar qüvvələrin təsirləri və yarada biləcəkləri risklərə baxmayaraq qarşılıqlı üçtərəfli dəstək açıqca ifadə olunub. Mövqelərin bu şəkildə ortaya qoyulması əhəmiyyətlidir".
A.Aslanlı hesab edir ki, əgər Gürcüstan mümkün təxribatlardan uzaq dura bilsə, bu format daha da güclənəcək və hər üç dövlət üçün fayda gətirməyə davam edəcəkdir".
Ruslan