11 Mart 2016 10:57
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün IV Qlobal Bakı Forumu çərçivəsində “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, panelin moderatoru, İtaliyanın sabiq baş naziri Franko Frattini deyib ki, İran Əfqanıstan, İraq və Suriya üzərində geniş təsirlərə malikdir. O bildirib ki, embarqonun aradan qaldırılması İranın regionda mövqeyini gücləndirir: “Region ölkələrinin münasibətlərinə baxılsa, Səudiyyə Ərəbistanı İrana şübhə ilə yanaşır. Embarqonun götürülməsi şiə və sünni ölkələri arasında gərginliyi artıracaqmı? İranda keçirilən seçkilər prezident Həsən Ruhanini həvəsləndirəcək ki, razılaşmaları həyata keçirsin”.

Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili hazırda İŞİD-in Əfqanıstana nüfuz etdiyini söyləyib. O regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox vacib olduğunu vurğulayıb: “Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri ilə Əfqanıstana müəyyən məhsullar daşına bilər. Özbəkistan da bu məsələyə qoşula bilər. Bu əməkdaşlıqda investisiya-ticarət maraqları önə çıxacaq. Artıq ayrı-ayrı ölkələrin yalnız özlərini deyil, ümumilikdə region ölkələrinin ümumi maraqları çərçivəsində düşünməsi lazımdır. Gürcüstanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcək”.

Livanın keçmiş baş naziri Fuad Sinyora şərq ölkələrində din sahəsində islahatların çox vacib olduğunu bildirib: “Yalnız güc tətbiqi problemləri həll etməyəcək. Biz problemlərin kökündə dayanan məsələlərlə məşğul olmalıyıq. Suriya məsələsinə səhv qapılardan girildi. Güc tətbiq edildi. Rusiya Suriyadakı rejimin daha çox vaxt əldə edə bilməsinə, nəfəs almasına və özünü masa arxasında görməsinə imkan verdi. Bu, İranın da Suriyada üstünlüyünü sual altına qoydu. Suriya məsələsində daha çox konsensusa gəlinsə, məsələ tez həll oluna bilər”.

Pakistanın keçmiş baş naziri Şövkət Əziz İranın təcrid olunmasını düzgün saymadığını söyləyib. O, ölkəsinin digər qonşulara nisbətən İranla daha asan münasibət qura bildiyini deyib. Ş. Əziz qeyd edib ki, Əfqanıstanın inkişafı üçün kifayət qədər potensial var: “İnsanlar orada məcburən narkotik əkinçiliyi ilə məşğul olurlar. Çünki onlar nə iləsə məşğul olmalıdırlar. Onların narkotik plantasiyalarını kənd təsərrüfatı plantasiyalarına çevirməsi üçün fəaliyyət göstərilməlidir. Burada davamlı fəaliyyətə ehtiyac duyulur. Bu ölkənin böyük gələcəyi var”.


Müəllif:

Oxşar xəbərlər