16 Mart 2016 15:37
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “1990-cı illərin bəzi siyasətçilərinin burada iştirak etdiyini nəzərə alaraq…”

Martın 18-də İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzi “Böhran şəraitində Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirəcək.

İ.Qəmbər tədbirini Müsavat Partiyasının qərargahında keçirməyi planlaşdırır. Sözügedən tədbirə müxalifət düşərgəsində təmsil olunan şəxslərdən kimlərin dəvət olunması isə hələlik açıq qalır.

Müxalifətin “Anti-böhran koalisiyası”nda təmsil olunan partiyalar bu tədbirə dəvət edilməyib. Eləcə də Milli Şura və AXCP bu toplantıda iştirak etməyəcək.

Bu halda toplantıya kimlərin qatılacağı məsələsi maraq kəsb edir.

Qeyd edək ki, İsa Qəmbərin bundan öncəki tədbirində VAMBP sədri Hacıbaba Əzimov, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli və NİDA təşkilatının nümayəndəsi qatılıb.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli isə Teleqraf.com-a bildirib ki, tədbirə dəvət almayıblar: “Dəvət almadığımız üçün də iştirak etməyəcəyik”.

N.Cəfərli bir məqama da aydınlıq gətirib: “Əslində, biz bir neçə dəfə belə xarakterli tədbirə dəvət almışıq, lakin iştirak etməmişik. İsa Qəmbərin təşkil etdiyi ilk tədbirdə şəxsən özüm iştirak etmişdim. Tədbirdə bəzi fikirlərin təkrarlandığı, yeni fikirlərin müzakirəsi üçün ortamın əlverişli olmadığını, habelə 1990-cı illərin bəzi siyasətçilərinin burada iştirak etdiyini nəzərə alaraq, sonrakı tədbirlərə dəvət alsaq da, iştirak etmədik. Odur ki, bizim bu tədbirə dəvət edilməməyimiz normal haldır”.

Məlumat üçün xatırladaq ki, İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzini Milli Şuranı tərk etdikdən sonra yaradıb. Həmin vaxtlarda bu quruma iqtisadçı Qubad İbadoğlu, “El” Hərəkatının sədri Eldar Namazov, politoloq Zəfər Quliyev və digər xadimlər daxil olmuşdu. Lakin Eldar Namazov az sonra bu qurumda iştirak etmədiyini ortaya qoydu. Qubad İbadoğlu isə Müsavatın sonuncu qurultayından sonra istefa verdiyini açıqladı. Başqa sözlə, hazırda Milli Strateji Düşüncə Mərkəzində, əsasən, Müsavat Partiyasının rəhbərliyində olan şəxslər təmsil olunur. Hətta mərkəzdə İsa Qəmbərin müavini postu belə mövcud deyil.

Cavidan


Müəllif:

Oxşar xəbərlər