Fransada fəaliyyət göstərən “Paris Azərbaycan Evi” beynəlxalq təşkilatlara Azərbaycan və Ermənistanın təmas xəttindəki hərbi vəziyyətlə bağlı bəyanat göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda bildirilir ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelerini iriçaplı silahlardan, artilleriya və tanklardan atəşə tutması faktı dünyada yaşayan bütün azərbaycanlıları hiddətləndirib.
“Baş verən hadisələrə son qoymaq məqsədilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir. İşğalçı ölkənin silahlı qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirik”, – deyə bəyanatda bildirilir.
Təşkilat son hərbi vəziyyətlə bağlı bir çox Avropa təşkilatlarını və beynəlxalq qurumları Azərbaycana qarşı ikili standartlar tətbiq etməməyə, ATƏT və digər qurumları Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğalı aktına göz yummamağa çağırıb. Fransa azərbaycanlıları adından bildirilib ki, beynəlxalq ictimaiyyət Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməlidir.
Səxavət