5 May 2016 14:00
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni baş nazirinin kim olacağı sualı hazırda qardaş ölkədə ən çox müzakirə edilən məsələdir. Teleqraf.com xəbər verir ki, 24 avqust 2014-cü ildən baş nazir kürsüsünə sahiblənən Əhməd Davudoğlu 28 may 2016-cı ildə bu vəzifədən istefa verəcək.

Türk mediasının məlumatına görə, Davudoğlu mayın 4-də istefa vermək niyyətində olub, hətta istefa ərizəsini yazaraq prezident Ərdoğana təqdim etmək istəyib. Lakin prezidentlə 1 saat 40 dəqiqə çəkən müzakirələrin sonunda razılığa gəlinib ki, mayın 28-nə qədər Davudoğlu baş nazir postunda qalsın.
28 mayda isə AKP-nin qurultayı keçirilsin, yeni partiya sədri seçilsin.


Davudoğlu qurultayda sədrliyə namizəd olmayacaq və 28 maydan sonra AKP-nin millət vəkili kimi fəaliyyətini davam etdirəcək.

İndi AKP-nin yeni sədrinin kim olacağı ən çox müzakirə edilən mövzudur. Çünki partiyada sədr postuna gətiriləcək şəxs həm də Türkiyənin növbəti dövr üçün baş naziri olacaq.

Türk mediasının iddiasına görə, yeni baş nazir kürsüsündə əyləşəcək şanslı şəxslərin sayı 5-dən çox deyil. Bunlar ədliyyə naziri Bəkir Bozdağ, rabitə naziri Binəli Yıldırım, səhiyyə naziri Mehmet Müəzzinoğlu, baş nazirin köməkçisi Numan Kurtulmuş və enerji naziri Berat Albayrak ola bilər.


Bəzi iddialara görə, AKP-nin nüfuzlu simalarından olan Mehmet Əli Şahin də indiki dönəmdə baş nazir ola bilər. Lakin qeyd olunur ki, son qərarı prezident Ərdoğan verəcək.

Onu da, vurğulayaq ki, indiki siyasi elitada əslində “güclü prezident-çalışqan baş nazir” modeli mövcud idi. Bundan sonra baş nazir olacaq şəxslə prezident Ərdoğanın münasibətlərində fərqli bir model ortaya qoyulacaq. Türkiyə mediasının iddiasına görə, yeni baş nazir sadəcə bürokratik və ya liberal düşüncəli şəxs ola bilər. Ancaq bütün hallarda səlahiyyətlər prezidentin əlində cəmləşəcək.


Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Mehdiyev hesab edir ki, Davudoğlunun istefaya getməsi Türkiyədə gedən siyasi proseslərin nəticəsi olaraq ortaya çıxıb: “Burada söhbət yeni baş nazirin kim olacağı məsələsi deyil. İndi gedən proseslərin təbii nəticəsi olaraq Davudoğlu AKP hökumətindən ayrılır. Çünki Türkiyədə hüquq sistemi, ordu zəiflədilib, demokratik qüvvələr susdurulub. Yəni Türkiyə daxilində fərqli bir siyasi sistem yaradılmasına çalışır. Xarici siyasətdə bütün dövlətlərlə problemlər yaradılıb. Böyük qonşu Rusiya dövləti ilə 100 illik sülh və dostluq münasibətləri indi az qala müharibə ərəfəsindədir.

Suriya məsələsində dünya mətbuatı Türkiyə rəhbərliyinin adını qeyd edir. Avropa ölkələri ilə münasibətlər gərgindir.

Həmçinin PKK ilə 3 il atəşkəs elan edilib, sonradan Ərdoğan prezidentlik məsələsini önə çəkərək bu prosesi pozub, indi hərbi əməliyyatlar aparılır. Türkiyə reallığı budur. Baş verənlər də bunun nəticəsidir. Türkiyə az qala bölünmə istiqamətində gedir”.

Politoloq qeyd edib ki, sön dönəmlər baş nazir Davudoğlu prezident Ərdoğanla münasibətlərində müəyyən qədər məsafə saxlayıb və müəyyən qədər sərbəst siyasət aparmağa çalışıb: “Məhz bu cəhdlərinə görə, indi Davudoğlu cəzalandırılır. Bu mənada Davudoğlu hər kəsin kənardan gördüyü kimi səlahiyyətsiz baş nazir idi. Lakin son dövrlər daxili və xarici siyasətdə baş nazir müstəqil addımlar atırdı. Bu da, prezident Ərdoğan tərəfindən müsbət qarşılanmırdı. Dünən prezident Ərdoğan açıq dedi ki, düşünmürlər ki, onlar haradan gəlib hara çıxıblar. Yəni Davudoğlunu universitetdən götürüb baş nazir postuna qədər mən yüksəltmişəm. Bu da, gərgin münasibətlərin işartısıdır”.


Mütəxəssis qeyd edib ki, Türkiyənin yeni baş nazirinin kim olmasının əhəmiyyəti olmayacaq: “Çünki yeni baş nazirin heç bir səlahiyyəti olmayacaq. Müşahidələr göstərir ki, prezident Ərdoğan bu posta özünün ən yaxın dostu olan Binəli Yıldırımı gətirə bilər. Ancaq bu, baş versə, gülməli olardı. Çünki Davudoğlunun beynəlxalq aləmdə nüfuzu var idi, ən azı keçmiş diplomat idi, xarici işlər naziri simasında bir sıra ölkələrlə münasibətlərin qurulması prosesini həyata keçirmişdi. Məncə, indi Ərdoğanın komandasında uyğun baş nazir olacaq kadrı yoxdur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər