"Hər iki komandanın futbolçuları layiqli oyun nümayiş etdirdi. Hər şey yüksək səviyyədə idi. Bu oyundur və məğlubiyyəti də qəbul etmək lazımdır. Sadəcə təəssüf edirəm".
"Report"un məlumatına görə, bunu Fransanın "Lill" komandasının baş məşqçisi Frederik Antonetti Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə keçirilən cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi oyunla bağlı bunları deyib: "Qəbələ" ilə Fransada keçirilən çətin oyundan sonra nəyə qadir olduğunu bilirdik. Düşünürdük ki, burada özümüzü göstərək. Amma "Qəbələ" buna layiqdir və güclü oyunçuları var. Futbolçularımız ruh yüksəkliyi ilə meydana çıxmışdılar. Amma istədiyimiz nəticəni əldə edə bilmədik. "Qəbələ"nin oyununu sadəcə super qiymətləndirirəm - "bravo"! Mövsüm ərzində avrokuboklarda özümüzü sübut etmək üçün əlimizdən gələni etmişdik. Ancaq bu gün çox çətin oyun oldu və nəticə göz qabağındadır".
F.Antonetti oyun haqda düşüncələrini belə ifadə edib: "Qəbələ" ilə oyundan əvvəl çıxışlarını izləmişdik və güclü oyunçulardan ibarət olduğunu bilirdik. Həqiqətən "Qəbələ" qazandığı nəticəyə layiqdir. Bizim də taktikamız vardı, amma bu gün "Qəbələ" daha yüksək səviyyədə idi. Bəlkə də hər iki komandanın oyunçuları eyni səviyyədədir".
Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səfərdə 1:1 hesabı qeydə alındığından Azərbaycan təmsilçisi pley-off mərhələsinə vəsiqə qazanıb.