Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Rio 2016 Olimpya Oyunlarında bürünc medal qazanıb.
Trend-in məlumatına görə, Şəriəti almaniyalı Eduard Popp üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur.
Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.