FİFA prezidenti Canni İnfantino qurumun İcraiyyə Şurasının qərarının ardından ictimaiyyətə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, BBC-yə müsahibəsində C.İnfantino futbol üzrə dünya çempionatının formatındakı dəyişikliyin maliyyə yox, idmanla əlaqədar olduğunu deyib.
Qərarın pulla bağlı olmadığını bildirən FİFA rəhbəri bunun sırf futbola xidmət göstərdiyini xatırladıb. Onun qənaətinə görə, ötən gün XXI əsrdə futbolu xarakterizə edən tarixi qərar verilib: “2026-cı ildən etibarən mundial iştirakçılarının sayının 32-dən 48-ə artırılması oyunların real keyfiyyətini də yüksəldə bilər. Bir sıra ölkələr dünya çempionatında şans əldə edəcəklər. Onlar nəticə etibari ilə elit komandalara qarşı bütün qüvvələrini səfərbər edə biləcəklər. Futbol dəyişərək daha qlobal idmana çevrilib. Hər kəs Avropa futbolunun uğuruna sevinir. Ancaq futbolun inkişafı təkcə bir qitədə deyil, Avropadan kənarda da genişləndirilməlidir. Klubların iradları təqvimlə və oyunçuların yüklənmələri ilə bağlı idi. Biz onların tələblərini yerinə yetirdik. Yenə eynilə 32 gün və maksimum 7 qarşılaşma oynanılacaq”.
Xatırladaq ki, dünya çempionatında komanda sayının artırılması barədə qərarı FIFA-nın İcraiyyə Şurası qəbul edib. Bu qərardan sonra ali futbol qurumunun əlavə 500 milyon avro qazanacağı gündəmə gəlib.