Bu gün keçirilmiş daha iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, son matç günündə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.
Oyunların nəticələri "Zirə" üçün uğurlu alınıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda "Kəpəz"i minimal hesabla məğlub edərək, 4-cü pilləyə yüksəlib. Bu, turun son oyununda "Sumqayıt"ın "İnter"lə heç-heçə etməsindən sonra rəsmiləşib.
"Zirə"nin yeganə qolunu 37-ci dəqiqədə Nurlan Novruzov vurub. Həmin vaxt "qartallar" sayca azlıqda olublar. 28-ci dəqiqədə Sezar Meza Kollinin qırmızı vərəqə almasından sonra paytaxt təmsilçisi nəinki qol vurub, hətta hesabı sonadək qorumağı bacarıb.
"Sumqayıt" isə "İnter"lə qarşılaşmada 18-ci dəqiqədə Mirabdulla Abbasovun penalti qolu ilə hesabda önə çıxıb. İkinci hissə daha məhsuldar alınıb. 48-ci dəqiqədə İlkin Qırtımov hesabı bərabərləşdirib, 88-ci dəqiqədə isə Rauf Əliyev "İnter"i önə çıxarıb. Lakin 90-cı dəqiqədə Nicat Muxtarov bərabərlik qolunu vuraraq, oyunda yekun nəticəni müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə AZAL-a 2:1, "Qəbələ" isə evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, XVI tur
4 fevral
14:00. "Zirə" – "Kəpəz” 1:0
Qol: Nurlan Novruzov, 37
Qırmızı vərəqə: Sezar Meza Kolli, 23; Renan Silva, 93
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Cari çempionatdakı oyunlar - 0:2, 2:0
16:30. "Sumqayıt” – "İnter” - 2:2
Qollar: Mirabdulla Abbasov, 18-penalti ilə. Nicat Muxtarov, 90 - İlkin Qırtımov, 47. Rauf Əliyev, 88
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. "Kapital Bank Arena” stadionu
Cari çempionatdakı oyunlar - 1:3, 1:2