Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvondoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.
Qadın taekvondoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olmuşdular.
Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə 10 medalla başa vurub.