Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov Bakıda Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının ilk "pley-off" matçından sonra deyib.
Mədətov vurduğu qoldan sonra italiyalı baş hakim Paolo Talyaventonun qərarını gözlədiyini bildirib: "Topu tora göndərdikdən sonra bir anlıq tərəddüd etdim. Baş hakimə baxdıqdan sonra gördüm ki, əli yuxarı yox, mərkəzə doğrudur. Ondan sonra qol sevincimi qeyd etdim".
Gənc hücumçunun fikrincə, avqustun 23-də keçiriləcək cavab görüşü ilk matçdan da çətin olacaq: "Hələ işimiz bitməyib. Qarşıda cavab görüşü var. Komandamızın qarşısındakı məqsədə doğru getməliyik. Ona görə də boşalmaq olmaz. Səfər matçında azarkeş amili də öz sözünü deyəcək. Biz də nəyimiz varsa, ortaya qoymalı, tarix yazmalıyıq. Ən azı iki qolla qalib gəlsəydik, yaxşı olardı. Bir qolla qalib gəlmək böyük üstünlük deyil. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibin adı və oyunu bizə yaxşı məlumdur. Amma böyük hesablı qələbə qazansaydıq belə, inanmıram ki, boşalacaqdıq".
Mədətov hazırda cavab görüşünü yox, Azərbaycan Premyer Liqasının II turunda qarşı keçirəcəkləri ev oyununu düşündüklərini də vurğulayıb: "İndidən nə isə danışmaq istəmirəm. Bu gün uşaqlar əziyyət çəkdilər. Artıq yaxşıca dincələrək, "İnter"lə qarşıdakı çempionat matçına köklənməliyik. Daha sonra isə "Kopenhagen"lə cavab görüşünü düşünərik".