2 Noyabr 2017 14:47
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. O, belə yüksək pilləyə qalxan ilk azərbaycanlıdır.

Teleqraf.com xəbər verir ki, Şəhriyar Məmmədyarov Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra xallarının sayını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb.
Millət vəkili Fazil Mustafa Şəhriyar Məmmədyarovun qələbəsindən yazıb: “Şəhriyar Məmmədyarov adlı bir soydaşımız, həmvətənimiz öz intellekti ilə, əzmkarlığı ilə, çalışqanlığı ilə dünyada FİDE-nin sıralamasında ikinci yerdə qərar tutub.

İlk dəfədir belə bir uğur baş verir. Şahmatda dünyada ikinci olmaq, "Maşın-şou"da əlini maşının üstündə saxlamaq deyil. Başını başların üstündə saxlaya bilməkdir. Təbrik edirəm, sevinirəm, daha böyük uğurlar diləyirəm”.

Azərbaycanlı qrossmeyster saytımıza açıqlamasında bildirib ki, turnirdə olduğu üçün məsələ barədə heç nə danışa bilməz.

Qeyd edək ki, dünya reytinq cədvəlində şahmatçıların hər oyunda qələbə qazandıqca reytinq yenilənir. Şəhriyar Məmmədyarovun neçənci yerdə yerləşməsi ilə bağlı dəqiq məlumat dekabrda açıqlanacaq.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər