Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-offda Şimali İrlandiyanın "Linfild" klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
"Öncə azarkeşlərimizə təşəkkür edirəm. Açığı, fikirləşirdim ki, APOEL-ə məğlub olduqdan sonra bizdən küsüblər. Futbolçularıma təşəkkür edirəm. Oyunun gedişində gərginlik var idi. Sonda istəyimizə nail ola bildik. Bu, bizim işimizdir. Burada hər birimizin əməyi var. Səfərdə iki standart vəziyyətdən qol buraxmışdıq. Rəqibin əks hücumları çox təhlükəlidir. Buna uyğun da hazırlığımızı görmüşdük. Düzdü, istəməzdik evdə qol buraxaq. Amma bu, futboldur. Hücumda çoxluq təşkil edərək istədiyimiz nəticəni qazandıq".