Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı xorvatiyalılar açıblar. 20-ci dəqiqədə Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Kuryoz qolla hesabda geri düşən Luis Enrikenin baş məşqçi olduğu kollektiv 38-ci dəqiqədə tarazlığı bərpa edib. Bərabərlik qolunun müəllifi Pablo Sarabiya olub. İlk hissə bu hesabla başa çatıb. 57-ci dəqiqədə İspaniya yığması hesabı öz xeyrinə dəyişib. Bu dəfə Sesar Asplikueta fərqlənib. 77-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Nəticədə qarşılaşmada əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata İspaniyanı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal fərqlənərək oyunda son nöqtəni qoyub. Beləliklə, 5:3 hesablı qələbə qazanan pireneylilər 1/4 finala vəsiqə əldə ediblər.
Qeyd edək ki, İspaniya yığmasının növbəti mərhələdəki rəqibi bu gün keçiriləcək Fransa - İsveçrə matçının qalibi olacaq.