Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Teleqraf.com xəbər verir ki, günün ilk oyununda “Sabah” komandası "Keşlə"ni qəbul edib.
"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını dördüncü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. Matçın 47-ci dəqiqəsində Sadio Tounkara fərqi azaldıb.
Bununla da ardıcıl ikinci, son beş turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla yeddinci sıradadır.
Qeyd edək ki, günün digər matçında "Neftçi" komandası "Səbail"i qəbul edir.
Turun digər iki görüşü noyabrın 28-də və 29-da oynanılacaq. Noyabrın 28-də "Sumqayıt" "Zirə"ni, bir gün sonra isə "Qəbələ" komandası "Qarabağ"ı qəbul edəcək.