Bu gün Azərbaycanın "Qarabağ" klubu ilə Türkiyənin "Qalatasaray" klubu arasında yoldaşlıq oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray"ın heyətində qolları B.Qomis (4-cü dəqiqə) və M.İkardi (87) vurublar. "Qarabağ"ın yeganə qolunu 19-cu dəqiqədə R.Cica vurub.
Qeyd edək ki, bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.
***
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən xeyriyyə oyununda növbəti qol vurulub.
87-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib.
Qonaqlar hazırda 2:1 hesabə ilə öndədirlər.
***
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda növbəti qol vurulub.
"Köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
***
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.
4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.
***
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.