İlk Avropa oyunlarında Azərbaycanın 11 elçisindən biri olan Elgün Əlizadə 7 ildir ki, velosiped idmanı ilə məşğul olur. Amma onun peşəkar səviyyədə idmana başlaması 2011-ci ilə təsadüf edir.
18 yaşlı Elgün I Avropa Oyunlarında ölkəmizi velosiped idmanının şose növündə təmsil edəcək. Əlizadə Publika.az-a müsahibəsi zamanı qarşıdakı hədəflərindən danışdı.
Tanışlıq: “1996-cı il aprelin 20-də Bakı şəhərində anadan olmuşam. Velosipedə uşaqlıqdan həvəsim olub. Sonra da Əbülfəz müəllimlə (yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçisi Əbülfəz Məmmədov - red.) tanış oldum. Bununla da 2011-ci ildən peşəkar idmana gəldim”.
- İdmana elə velosipedlə başlamısan?
- Xeyr, əvvəllər kikboksinqlə məşğul olurdum. Amma bu idmanı tez buraxmalı oldum. Sonra velosipedə başladım. Bu idman növünə yazılmağa tək getmişdim.
- Bu idmana həvəsini ailənə necə çatdırdın? Və necə qarışladılar?
- Öncə razı deyildilər. Daha sonra atamla çox müzakirə etdim, söhbətləşdim, sonra icazə verdilər.
- Maraqlıdır, atanı necə razı saldın?
- Dedim ki, bu idmana çox həvəsim var, çox sevirəm. Məşğul olmaq istəyirəm. Təbii ki, onlar indi tamam başqa fikirdədir. Qarşıda məni gözəl nəticələrin, uğurların gözlədiyinə çox inanırlar.
- Bəs razı salandan sonra ailə üzvlərinizdən məşqlərinə, ya da yarışına gəlib baxanlar oldumu?
- Təkcə atam gəlib. O da yarışa yox, məşqə gəlib.
- Fikirlərinin dəyişməsinə əsas səbəb nə oldu?
- Mənim yarışlardakı çıxışım, özümə inamım və idmana olan həvəsim.
- Kikboksinqi niyə buraxdın? Hər halda, döyüş növləri ölkəmizdə velosiped idmanından daha məşhurdur.
- Çünki kikboksinqə o qədər də həvəsim və marağım yox idi.
- Yaxşı, onda sualı belə verim. Velosipeddə sizi cəlb edən nə oldu? Sürət, adrenalin, ya nə?
- Hər biri - həm sürət, həm də adrenalin. Yenə deyirəm, uşaqlıqdan velosipedim olub. Buna görə də həvəsim böyükdür.
- İlk yarış, ilk nəticən...
- İlk yarışımda Bakı çempionatında velotrekdə səhv etmirəmsə, 17-ci olmuşdum. İlk medalım yadımda deyil.
- Uğurların çox olub?
- Ən diqqət çəkənləri deyim. 2014-cü il Avropa çempionatında iştirak etdim. 12-ci oldum. İtaliyada keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutdum. Slovakiyada keçirilən beynəlxalq turnirdə dağ idmançıları arasında birinciliyi qazandım.
- 18 yaşın var, səncə, ugurlarının sayı az deyilmi? Daha çox ola bilməzdi?
- Ola bilərdi. Sadəcə, bir az öncə də qeyd etdiyim kimi, velosiped idmanı yeni-yeni inkişaf edir.
- Ölkəmizdə velosipedçilərə qiymət verilir?
- Hər bir velosipedçiyə çox yüksək dərəcədə üstünlük verilir.
- Sizin federasiyada da yəqin ki, əcnəbi idmançılar var. Bəs onlarla sizin aranızda fərq qoyulurmu?
- O idmançıya daha çox üstünlük verilir ki, intizamlıdır və nəticələri yaxşıdır. Amma əlbəttə ki, öz idmançılarımıza daha çox üstünlük vermək istəyirlər.
- Yorulduğun və bezdiyin vaxtlar olur?
- Əlbəttə ki, yorulduğum anlar olub. Amma heç vaxt idmandan bezməmişəm.
- Qarşıdakı hədəflərin nədir?
- İndi qarşımdakı əsas hədəfim Bakıda keçiriləcək İlk Avropa Oyunlarında Azərbaycanı layiqli şəkildə təmsil etməkdir. Mənə olan ümidləri doğrultmaq istəyirəm.
- Bu mötəbər yarışda özünü harada görürsən? Verəcəyin nəticə ilə bağlı nə düşünürsən?
- Bu yarışda özümü ilk 20-likdə görürəm.
- Məşqçilərin sənin haqqında nə düşünür? Yəqin ki, fikirlərini bildiriblər.
- Əlbəttə ki, onlar da yaxşı çıxış edəcəyimə inanırlar.
- Ən çox sevdiyin idmançı?
- Fabian Kançellara (“Spartakus” ləqəbli velosipedçi).
- Kimdən nümunə götürürsən? İdealın varmı?
- Daha çox iki idmançı var ki, onlar kimi olmaq istəyirəm. Elə bunlardan biri Fabian Kançellaradır. Digəri də Bredli Viqqinsdir.
- İdmandan başqa hobbin var? Səni ən çox cəlb edən nədir?
- Dəqiq hobbim yoxdur. Amma kompyuter oyunlarını çox sevirəm.
- Kompyuterdə hansı tipli oyunları xoşlayırsan? Daha çox necə oyunlar oynayırsan?
- Məntiqi və avtomobil oyunlarını sevirəm.
- 24 saatı necə planlayırsan?
- Yatmaq vaxtı minimum 8 saat olmalıdır. Məşq isə plan əsasında olur.
- İdmanla bağlı neçə ölkədə olmusan? Bəs heç olubmu yeməkləri bəyənməyəsən və o ölkədən ac qayıdasan?
- Avropanın çox ölkələrində olmuşam. O ki, qaldı ac qayıtmağıma, əlbəttə olub. Bu, demək olar ki, hər bir insanın başına gəlib.
Başına gələn maraqlı hadisə...
“Yarış vaxtı qar yağmışdı. 2014-cü ilin aprel ayı idi. Nəticədə yarışı qısaltdılar. Bununla da 120 km-lik yarış 10 km oldu”.