Xəbərə bax: Deyir, Vaqif Cavadova Rusiya klublarından təklif var. O da deyib ki, hazırda "İnter"lə mövsümün sonuna kimi müqaviləm var, mövsümün sonunda baxarıq. Təbii ki, ilk əvvəl klubumla razılaşmağa çalışacam.
Belə çıxır ki, Vaqifin Rusiya Premyer Liqasında oynamağa həvəsi yoxdur.
Lap əcəb eləyir. O olmasın, mən olum. Kimə lazımdı axı isti yerini soyuq eləsin? Oturub da, gül kimi "İnter"də. Babat oynayır, pulunu alır. Komandanın kapitanıdır. Qolunu vurur. Hörməti hörmət yerində, gözün üstə qaşın var deyən yoxdu.
Yoxsa ki, getsin Rusiyaya. Ondan sonra da heyətə düşmək üçün əziyyət çəksin. Düşə bilməyəcək, bir ayıb. Başlayacağıq onu da Ruslan Abışov kimi hoydu-hoyduya qoymağa. Hərə bir tərəfdən düşəcək üstünə, gedən danlayacaq, gələn danlayacaq.
Lap elə tutaq ki, gedən kimi oldu əsas heyətin əsas üzvlərindən biri. Elə bilirsiniz bu asan işdir. İndi gəl daim heyətdə qalmaq üçün əziyyət çək, məşq elə, qol vur, ötürmə ver... Ver Allahım, ver...
Hələ Rusiya kimi soyuq ölkə ola. Bunun qışı var, soyuğu var. Səfər oyunu var. Ucu-bucağı görünməyən yerdi. Nəyinə lazımdı axı?
Mən Vaqif Cavadovun bu məsələdə fikirlərini dəstəkləyirəm. Həm, bir söz var axı, deyir ilan vuran ala çatıdan qorxur. Vaqifin də başına gəlib bir dəfə belə macəra. Deyəsən, "Tvente" olayından sonra ağzı möhkəm yanıb bizim futbolçunun.
Xatırlayırsınızmı, necə toy-düyünlə yola salmışdıq onu? Noldu axırı? Heç nə. Əli ətəyindən uzun qayıtdı üstümüzə.
Məsəl var axı, eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. İndi Vaqif də yəqin gələcək günlərini göz önünə gətirərək bu məsələdə tələsmək istəmir.
Canı sağ olsun, özü bilər, istər burda oynasın, istər xaricdə, fərqi yoxdu. Əsas odur ki, ayağı top tutan 3-5 futbolçudan biri kimi bizim də ondan umacağımız var. Uman yerdən küsərlər.
***
Bir də son vaxtlar Berti Foqtsu yenə yaman gözümçıxdıya salıb mətbuat. Nə var, nə var, alman məşqçi milli komandanın ABŞ-dakı yerli komanda ilə yoldaşlıq oyunundan sonra Uruqvay və Nigeriya millilərinin yoldaşlıq görüşü təkliflərini qəbul eləməyib.
O da düz eləyib. Əlində bəhanə də var, gərək oyunçular çox yorulmasın, avrokubok oyunları qabağı bir az dincəlsinlər.
İndi burda məni bir sual düşündürür, görəsən, bizim millimiz də nə vaxtsa belə mötəbər turnirlərin final mərhələsində çıxış eləsəydi onda oyunçularımız avrokubok oyunları qabağı necə dincələcəkdilər?
Yəqin ya millidən imtina edərdilər, ya da klubdan. Çətin işdir, çox çətin.
Ancaq mən Foqtsu da başa düşməyə çalışıram. Mən bilirəm ki, o adam bizim futbolçuların qyğısına necə qalır. Məsələn, o sırf oyunçular yorulmasın deyə çempionatın ən qızğın çağında bir Dubay səfəri uydurub oyunçularını ora istirahətə aparır.
Sırf oyunçular yorulmasın deyə Fələstin, Filippin, İraq, Sinqapur, Hindistan kimi komandalarla oyunlar təşkil eləyir.
Uruqvayla, Nigeriya ilə oyunlarda komandamız çox yorular axı. Ondan sonra da yorğunçuluqdan böyük hesabla uduzub eləyərik, xeyli biabırçılıq olar.
Nəyimizə lazımdı axı, ilin-günü bu vaxtı dağlar, dərələr, okeanlar aşıb gedib oralarda məğlub olaq?
Belə düşünürəm ki, Bakıdakı məşum İspaniya oyunundan sonra Foqts məcbur olmadıqca, yəni bir qrupa düşmədikcə nəinki elitar, heç ikinci-üçüncü dərəcəli futbol ölkələri ilə də oyun keçirmək istəmir.
Düzünü deyin siz allah, siz olsanız istəyərsiniz?