Mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək kayak və kanoe üzrə Avropa çempionatı öncəsi Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əsas medal ümidlərindən sayılan kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko xəstələndiyi üçün heyətdən çıxarılıb.
Hazırda müalicə alan 32 yaşlı idmançını gənc Nikita Sablin əvəzləyib. Sablin 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq.
Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatında Azərbaycanı N.Sablindən əlavə, Anatoli Melnik və Sergey Bezuqlıy - Aleksey Kupin dueti kanoe, İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov kayak növündə təmsil edəcək.