Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. Güləşçilərimiz çempionatda ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medala sahib olub.
Teleqraf.com xəbər verir ki, gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda (6 medal), yunan-Roma güləşi üzrə yığmamız isə ən çox sayda qızıl medal (3 qızıl) qazanmaqla çempionatda iştirak edən digər komandalardan fərqlənib.
Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 3 bürünc medala yiyələnib. Səid Həmidov (120 kq) keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə, yığmamıza Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıb. Komanda hesabında güləşçilərimiz 47 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.
Gənc qızların mübarizəsində isə yığmamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb və güləş tariximizdə yeni bir səhifə yazıb. Səbirə Əliyeva (72 kq) qızıl, Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medala yiyələnib. Bu nəticə ilə güləşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla komanda hesabında Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.
Gənclər arasında Avropa çempionatının son iki günündə isə yunan-Roma güləşçiləri mübarizə aparıb. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan güləşçilərimiz bütün rəqiblərindən daha yaxşı nəticə əldə ediblər. Nofəl Babayev (50 kq), İslam Abbasov (84 kq) və Orxan Nuriyev (96 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb, Murad Məmmədov (55 kq) gümüş və Ruhin Mikayılov (66 kq) isə bürünc medala sahib olub. Ümumilikdə, 48 xal toplayan yığmamız komanda hesabında 4-cü pillədə qərarlaşıb. İlk üçlükdə isə Gürcüstan, Türkiyə və Rusiya yığmaları yer alıb.