Azərbaycan Premyer Liqasının II turunun AZAL-la qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn “Qəbələ” baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında yubiley – 15-ci qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında 2015-ci ilin əvvəlindən çıxış edən “Qırmızı-qaralar” 26 görüşün 5-də heç-heçə edib, 6-da uduzub.
“Dalğa Arena”da əldə olunan 3 xalla komandamızın uğurlu seriyaları da davam edib. “Qəbələ” bütün yarışlar nəzərə alınmaqla, son 5 matçda məğlub olmamaqla yanaşı, qol vurur. “Qırmızı-qaralar”ın qol vurmadığı, həm də uduzduğu son qarşılaşma iyulun 16-da “Çukariçki” ilə Serbiyadakı görüş olub – 0:1.
“Qəbələ”nin Premyer Liqa oyunlarındakı qollu və məğlubiyyətsiz oyunlar seriyası da davam edir. Fevralın 15-də “Neftçi” ilə ev oyununda məğlub olan Qriqorçukun yetirmələri son 14 çempionat oyununda 11 qələbə qazanıb və 3 heç-heçə edib. Ardıcıl 15 Premyer Liqa görüşündə qol vuran “Qəbələ” fevralın 10-da “Simurq”a uduzduqdan (0:2) sonra hər qarşılaşmada rəqib qapısına yol tapır. Bu matçlarda futbolçularımız 29 qola sevinib.
AZAL-la qarşılaşmada iki futbolçu ilk dəfə “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Məhəmməd Mirzəbəyov və Roman Hüseynov “Qırmızı-qara” formada debüt ediblər. 2005-ci ildə yaranan klubun tarixində Bakıdakı matçadək 192 oyunçu çıxış etmişdisə, bu rəqəm 194-ə çatıb. Digər iki futbolçu – Dmitri Bezotosnı və Arif Daşdəmirov “Qəbələ”nin heyətində yubiley – 25-ci matçı keçiriblər. Penaltidən rəqib qapısına yol tapan Aleksey Qay 26-cı oyununda yubiley – 5-ci qoluna imza atıb. Oyun sayında rekordçu olan Dodo 5-ci dəfə qarşılaşmaya kapitan kimi çıxıb.
Mirzəbəyov, Hüseynov, həmçinin Vitali Vernidub Premyer Liqada ilk dəfə “Qəbələ” forması geyməklə, buna nail olan oyunçuların sayını 177-yə çatdırıb. Aleksey Antonov isə Premyer Liqada qol hesabını açan 74-cü futbolçumuzdur.